"3+3" formatında ilk görüş:“Gürcüstan üçün meydan açıqdır, amma...”

“İndiki halda bu formatdan kənarda qalmaq doğru olmaz”

“Çünki hazırda həm regiondan kənar, həm də regiondaxili ölkələr burda iştiraka meyillidirlər”

“Bu format gələcəkdə regionda gedəcək prosesləri müəyyən edəcək. Gürcüstan üçün ondan kənarda qalmaq faydalı olmaz” 


Türkiyə və Azərabaycan dövlət başçılarının təklif etdiyi "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən iclasda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının müavinləri bir araya gələcək. Xatırladaq ki, bu platformının başlıca məqsədi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət etməkdir.

Qeyd edək ki, Gürcüstan tərəfi bu görüşə qatılmayacaq.

 Maraqlıdır, tərəflərlə bir sıra iqtisadi və siyasi əlaqələrə malik qonşu ölkə Gürcüstan hansı səbəbdən “3+3 formatı”ndan imtina edir?

Mövzunu “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə burda əsəs səbəbin Rusiya amili ilə bağlı olduğunu bildirib:

“Gürcüstan Rusiyanı işğalçı dövlət hesab edir. Ona görə də onunla bir masa arxasında əyləşmək istəmir. Amma çox maraqlı hal müşahidə olunur. Biz də Ermənistanı işğalçı ölkə kimi tanıyırdıq və onlarla bir masa arxasında əyləşmirdik. Avropanın “Şərq tərəfdaşlıq formatı” var idi ki, orda Azərbaycan və Ermənistan münasibətləri olmasa da, təmsil olunurdu. Bəzi hallarda münasibətləri tənzimləməyə məcbur oluruq. Bizim kimi Gürcüstan da belə platformada təmsil oluna və platformaya daxil olan digər ölkələrlə əməkdaşlıq çərçivəsində əlaqələr qura bilər”.

Politoloq müqayisə apararkən Ermənistanla heç bir siyasi və iqtisadi münasibətlərimiz olmadığı halda bir ortamda ola bildiyimizi xatırladıb və Gürcüstanla Rusiya arasındakı durumun tam fərqli olmasına diqqət çəkib:

“Rusiya səhv etmirəmsə, hətta Gürcüstanın üçüncü ticarət partnyoru sayılır.Onların arasındakı ticarət mübadiləsi təxminən bir milyard yarım dollar həcmində müəyyən olunub. 

Digər tərəfdən pandemiyadan qabaq tərəflər arasında turistik əlaqələr də yaxşı olub. Eyni zamanda Bakı-Tbilisi-Ceyhan qaz xətti ilə Rusiyadan Türkiyəyə oradan da Gürcüstanın üzərindən Ermənistana mallar ötürülür. Digər müxtəlif layihələr də var. Bütün bunlar iki dövlət arasındakı faktiki əlaqlərin olduğunu göstərir”.

İ.Vəlizadə bütün bu səbəblərdən Gürcüstanın belə bir addımının o qədər də anlaşılan olmadığını söyləyib:

“Tərəflər arasındakı münasibətlər ya tam kəsilsin, ya da mövcud əlaqələr fonunda dialoqlar aparılaraq bəzi siyasi məsələlərə aydınlıq gətirilsin. Bütün hallarda Gürcüstan üçün  meydan açıqdır. İndiki halda bu formatdan kənarda qalmaq doğru olmaz. Çünki həm regiondan kənar, həm də regiondaxili ölkələr burda iştiraka meyillidirlər.

  Bu format gələcəkdə regionda gedəcək prosesləri müəyyən edəcək. Gürcüstan üçün ondan kənarda qalmaq faydalı olmaz”.