Azərbaycan yeni dronlar alır! - “Müdafiə və təhlükəsizlik imkanlarımız genişlənir”

Dünən Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Ölkə başçısı Ermənistanla müharibədə dronlardan istifadə olunması sualını cavablayarkən rəsmi Bakının onları almağa davam etdiyini vurğulayıb. Azərbaycan lideri bildirib ki, müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq:

“Eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik. Bu dronlar bazara çıxarılır. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və  artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Hazırda  bunu davam etdiririk, çünki  hələ də erməni revanşizmi təhlükəsi, sabitliyin pozulması təhlükəsi var. Bizsə hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq”. 

Maraqlıdır, ölkə başçısının bu bəyanatı Ermənistana və onun himayədarlarına hansı siqnalları ötürür və ya ötürməlidir?
Prezidentin bəyanatının önəmli olduğunu deyən hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov “Sherg.az”a bildirib ki, ölkə prezidenti hər bir çıxışında ölkənin milli maraqlarını qorumaqla bağlı fikirlər səsləndirir:

 “Ali Baş Komandan indi də Brüsseldə İspaniyanın “El Pais”qəzetinə verdiyi müsahibədə hava hücumundan müdafiə sistemini bundan sonra da gücləndirəcəyimizi bəyan etdi. İsraildən hava hücumlarından müdafiə sistemləri almağımız heç kəsə sirr deyil. Azərbaycan yerində saymır, öz müdafiə gücünü daha da artırır və bundan sonra da artırmaq fikrindədir. Biz Türkiyə və İsraildən həm kəşfiyyat dronları, həm kamikadze dronları almışıq.Türkiyədən alınanlar daha çox kəşfiyyat və qırıcı dronlar, bayraqdar və digərləri idi. Onlar həm Müdafiə Nazirliyi, eyni zamanda, Dövlət Sərhəd Xidməti tərəfindən hərbi əməliyyatlarda istifadə olunurdu”.

Hərbi jurnalist 44 günlük Qarabağ müharibəsinə diqqət çəkərək bildirib ki, bu savaş bizim daha müasir, yeni hava hücumundan müdafiə sistemləri, dronlar almalı olduğumuzu göstərdi:

 “Ona görə də ölkə başçısı dünən verdiyi müsahibədə də dronları almağa davam etdiyimizi söylədi. Bu hər kəsə “Azərbaycan kiməsə hücum etmək haqqında düşünmür, o sadəcə özünü müdafiə etmək və təhlükəsizliyini təmin etmək əzmindədir”
 mesajını ötürdü. İkinci Qarabağ savaşında biz düşmən tərəfindən hətta altı istehkam xəttinin qurulmasının şahidi olduq. Bu, görünməyən haldır. Biz dronlardan istifadə edərək düşmənin xeyli canlı qüvvəsi və texnikasını sıradan çıxardıq. Həmin o müdafiə zolaqlarını istehkam xətlərini yarıb keçdik”.

Ü.Cəfərov ölkəmizdə dron istehsalından danışarkən bu prosesin Müdafiə Sənayesi Nazirliyinin ayrı-ayrı zavod və müəssisələrində həyata keçirildiyini, həmçinin hasil olunan dronların bazara çıxarıldığını diqqətə çatdırıb: 

“Yerli istehsal olan dronları maraqlanan ölkərə təklif edirik. Müdafiə Sənayesi Nazirliyi bizdən dron alan ölkələrlə bağlı rəqəm açıqlamışdı. Bir sözlə, Azərbaycan öz müdafiə və təhlükəsizlik imkanlarını bir qədər də genişləndirir. Ölkə prezidenti bunu  Brüsseldə olarkən həm NATO rəsmiləri ilə görüşdə, həm də İspaniyanın qəzetinə müsahibəsində açıq şəkildə bildirib”.