“İt demə, o da dəxi bizim birimiz” – Bərdədə itləri güllədən keçirdilər – Qurumlar maraqlanmır!

Leyla Əlizadə: “Belə şəxslərlə heç kəs bacara bilmir

Novella Cəfəroğlu: “...Həmin şəxs barəsində qanunla nəzərdə tutulmuş böyük məbləğdə cərimə və ya həbs qətiimkan tədbirləri görülməlidir” 

Toplan - Sahibsiz İtlərə Qayğı Mərkəzi: Yalnız Bakıdakı itlərə cavabdeh
Bərdə Rayon İcra Hakimiyyəti: Məsələdən xəbərimiz yoxdur


Bərdə rayon vətəndaşı itləri güllələyib. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.Hadisə rayonun 866-cı qəsəbəsində baş verib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayonunda məskunlaşmış İxtiyar Qurbanov saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Hadisəni törədərkən istifadə etdiyi tir tüfəngi də ondan maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı Təhqiqat Bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.  

Maraqlıdır,ölkəmizdə sahibsiz heyvanlara qarşı bu cür vəhşilik törədən şəxslər qanunvericiliklə necə cəzalandırılmalıdırlar? Belə heyvanların normal yaşayışı  üçün hansı şərait yaradılıb? Və məlum hadisəyə görə hansı qurumlar məsuliyyət daşıyşır?

Məsələyə münasibət bildirən Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Sherg.az”a söyləyib ki, bu problem cəmiyyətin yaralı yeridir:

“Belə şəxslərlə heç kəs bacara bilmir. Həm də belə qəddarlıq təkcə sahibsiz küçə heyvanlarına qarşı yox , eləcə də ev heyvanlarına qarşı törədilir. 2007-ci ildən məsələni dəfələrlə qaldırmışıq. Heç nə düzəlmir. Afaq Qurbanovanın pişiklər üçün sığınacağı var. Burdakı pişiklərin bəzilərinin bir ayağı yoxdur, bəzilərinin  gözləri görmür. Onlar bu sığınacaqda tam rahat şəkildə yaşayıb ömürlərini başa vururlar”.

L.Əlizadə  bir çoxlarının belə heyvanların iynə vasitəsilə öldürülməli olduğunu düşündüyünü və Afaq xanımın bu cür təfəkkürlü insanlarla mübarizə aparsa da, onları dəyişə bilmədiyini deyib.

Məsələnin hüquqi tərəflərindən danışan  hüquq müdafiəçisi Novella Cəfəroğlu vurğulayıb ki, zərərverici xüsusiyyəti aşkarlanmadığı təqdirdə heç bir heyvana toxunmaq olmaz:

 “Bu qanununvericilikdə öz əksini tapıb. Əgər şəxs bunu təhlükəsizliyi üçün edibsə, həmin itlərin quduzluğu barədə mütləq həkim kağızı olmalıdır. Əks halda onun barəsində qanunla nəzərdə tutulmuş böyük məbləğdə cərimə və ya həbs qətiimkan tədbirləri görülməlidir”. 

Adının çəkilməsini istəməyən Toplan - Sahibsiz İtlərə Qayğı Mərkəzinin nümayəndəsi  isə özlərinin Bakı Şəhəri İcra Hakimiyyətinə tabe olduğunu və bu səbəbdən yalnız Bakıdakı itlərə cavabdeh olduqlarını diqqətə çatdırıb.

 Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi isə zəngimizə cavab versə də, sualımızı eşitdikdən sonra “Məsələdən xəbərimiz yoxdur” deyib, telefonu  üzümüzə qapatdı. 

Xatırladaq ki, Azərbaycan 2007-ci ildən Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Konvensiyaya görə,şəxs sahibsiz heyvanların sayının onun üçün problemlər yaratdığını hesab etdiyi halda onları mümkün olan əziyyətlərə, ağrılara məruz qoymadan sayını azaltmaq üçün zəruri qanunvericilik tədbirləri və ya inzibati tədbirlər həyata keçirə bilər.Bu tədbirlərə heyvanların tutulması lazım olduqda onların minimum fiziki və mənəvi əziyyətlər verilməklə tutulması, onların  sığınacaqda saxlanılması və konvensiya əsasında evtanaziya edilməsi daxildir.