Lavrov - Mirzoyan danışığının PƏRDƏARXASI:“Paşinyan hökuməti məcburdur... ”

“Azərbaycanla münasibətləri tezliklə yaxşılaşdırılmaq istəyir”

“Çünki zaman uzandıqca Ermənistan tərəfi daha ciddi problemlərlə üz-üzə qalacaq. Bunu da onun himayədarları çox yaxşı bilirlər”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Müzakirə zamanı tərəflər  Azərbaycanla demarkasiya məsələsini müzakirə edib,demarkasiya-delimitasiya mexanizmlərinin hazırlanmasının əhəmiyyətini vurğulayıblar. Eyni zamanda Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlərin vacibliyinə diqqət çəkiblər. 

Danışıqların pərdəarxası məqamlarını “Sherg.az”a şərh edən Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl 44 günlük savaşdan sonra tərəflər arasında imzalanan bəyanata diqqət çəkib: 

“Burdakı şərtlərdən biri də tərəflər arasındakı sərhədlərin müəyyənləşdirilməsi idi. Bu, uzun prosesdir.Hətta aralarında problem olmayan dövlətlərin belə bəzən sərhədlərinin müəyyənləşdirilməsi bəlli bir zaman alır. Buna Rusiya Azərbaycan sərhəddini misal göstərə bilərik. Əvvəl Putinin vasitəçiliyi ilə Soçidə, daha sonra Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə görüşən tərəflər bölgədəki münasibətlərin tənzimlənməsinə razılıq veriblər. Azərbaycan onsuzda öz üzərinə düşən öhdəlikləri yerinə yetirirdi.Təbii ki, Ermənistan da bunu etmək məcburiyyətindədir”.

Professor hesab edir ki, hazırda Ermənistanın yumşalmasında əsas səbəb onun başqa yolunun olmamasıdır:

“Ermənistan, xüsusi ilə Paşinyan hökuməti artıq baş verən reallığı qəbul etmək məcburiyyətində qalıb. Buna görə də Azərbaycanla münasibətləri tezliklə yaxşılaşdırılmaq istəyir. Çünki zaman uzandıqca Ermənistan tərəfi daha ciddi problemlərlə üz-üzə qalacaq. Bunu da onun himayədarları çox yaxşı bilirlər”.

T.İsmayıl Ermənistanın bu kimi məsələləri öz tərəfdaşları ilə birgə müzakirə etməsindən sonra prosesə daha ciddi yanaşdığını diqqətə çatdırıb.