Sərhədlərin demarkasiyası niyə ləngidilir? – Şərh:“Kreml sülh prosesini istəmir”

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edib. XİN rəhbəri bildirib ki, Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərə başlamaq üçün Komissiyanın yaradılmasına bütün tərəflər razılıq verməlidir.O,Azərbaycan tərəfinin bu Komissiyanın yaradılmasına razılıq verdiyini vurğulayıb:“Qarşı tərəf də bu məsələnin ciddiliyini anlayır, ölkələr arasında beynəlxalq sərhəd müəyyənləşməlidir.Tezliklə qarşı tərəfdən bununla bağlı  müsbət mesaj alacağımıza inanırıq.Ona görə düşünürük ki,yaxın aylarda bu Komissiya formalaşacaq”.
Maraqlıdır, rəsmi İrəvan Azərbyacan-Ermənistan arasındakı münasibətlərin nisbətən yumşalmasına baxmayaraq sərhədlərin müəyyənləşməsini hansı səbəblərdən  yubadır? 

“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov tərəflər arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, Ermənistanda hakimiyyətdə olan qüvvələrin bir yox, bir neçə qrup tərəfdən idarə olunması bu məsələdə başlıca səbəbdir: 

“Burada həm Rusiyaya, həm də Qərbə bağlı qüvvələr, eyni zamanda, ultramilliyətçilər var. Belə maraq qrupları təmsil etdikləri dövlətin maraqlarından çıxış edirlər. İndiki halda sülhün əldə olunması üçün faktiki olaraq nə İran, nə də Rusiyanın meyli var.Bunu Azərbaycan üzərindən həyata keçirə bilmədikləri üçün ən yaxşı variant kimi Ermənistan üzərindən icra edirlər. Hazırda  rəsmi İrəvanın sülhə gəlməməsinin, sərhədlərin delimitasiya və demarikasiyasını ləngitməsinin əsas dayaq nöqtələri məhz bu maraq qruplarının əlində cəmləşib. Ona görə də Paşinyan bir addım atmağa çalışdıqda dərhal bu qruplar ona təzyiq edirlər”. 

S.Hümmətov tərəflər arasında sülhün olacağı təqdirdə, rus qoşunlarının burdan çıxmalı olacağını və buna görə də Rusiyanın bölgədə sülhün əldə edilməsinə hər yolla əngəl törədəcəyini bildirib:

“Rəsmi Moskva kommunikasiyaların açılmasını iqtisadi, əlaqələrin qurulmasını istəsə də, sülh prosesini istəmir. Bütün bunları düşünən, müxtəlif dövlətləri təmsil edən maraq qrupları da bu və ya digər şəkildə həmin dövlətlərin maraqlarını təmin etmək üçün ya hakimiyyətə təzyiq göstərirlər, ya da hakimiyyətdəki qüvvələrin əli ilə manipulyasiyalar edirlər.

 Sərhəddəki  provokasiyalar,ölkə parlamentində hökumətə qarşı  basqıların artırılması və s. Ermənistan hakimiyyətini  Azərbaycanla sülh danışıqlarından çəkindirir”.

S.Hümbətov hesab edirəm ki, əgər Paşinyan konkret olaraq özünə güvənib rəsmi Bakı ilə danışıqları başladıb müəyyən bir məsafə qət edərsə, artıq Ermənistan-Azərbaycanla sərhədlərin müəyyənləşməsinə start verə bilər:

“Belə olduqda tərəflərin sülh prosesinə gəlməsi də real görünə bilər. Bunun nə vaxt baş verəcəyini isə indidən təxmin etmək olmur”.