Etiraz! - “Azərişıq” sayğacları  tez-tez dəyişir! – Açıqlama:“Ciddi mənimsəmələr var”



Hərbi ekspert Ədalət Verdiyev “Facebook“  hesabında  Azərişığın işıq sayğaclarının  tez-tez dəyişilməsi ilə bağlı paylaşım edib.O bunu soyğunçuluq adlandırıb:
“SMS sayğac qoyublar, SMS isə gəlmir. Yazıb-pozursan, işıq xəbərdarlıq gəlmədən sönür və yazılar cəhənnəmlik olur. Sayğac dəyişməsi aktlaşdırılmır, müqavilə də bağlanmır. Görülən işlər isə tam təhlükə mənbəyidir. 

Köhnə saygacla keçən il ərzində ödədiyim məbləğ 12 ilə 22 manat arasında dəyişib.Tək iyul və avqust aylarında kondisionerə görə iki dəfə artıq enerjidən istifadə etmişəm. Bu ilin noyabrında sayğac yenə dəyişib. Sentyabr və oktyabr ayları üçün cəmi 32 manat 6 qəpik olan məsrəfim son iki ay üçün 185 manata çatıb. 15 gündür müraciət etmişəm, 4 gün - və + qütblərini axtaran Nəsimi rayon elektrik mühəndisləri və işçiləri,niyə bu qədər artıq enerji sərfiyyatına məntiqli bir cavab tapa bilmirlər”.

Qeyd edək ki, paylaşıma müxtəlif şəxslər tərəfindən  mövcud durumdan narazılıq ifadə edən şərhlər yazılıb. Kimi bunu  Azərişıq ASC-nin müvafiq əməkdaşlarının məsuliyyətsizliyi adlandırıb, kimi də bu sahə üzrə normal proqramist, İT mühəndisi, elekronika mühəndisinin olmaması ilə əlaqələndirib.

Maraqlıdır, işıq eləcə də qaz sayğaclarının tez-tez  dəyişdirilməsi həqiqətən ehtiyac varmı?

İqtisadçı-eskpert Nazim Bəydəmirli sayğacların yenilənmə səbəblərindən “Sherg.az”a danışarkən bildirib ki, onlar əhali üçün dövlət büdcəsi hesabına quraşdırılır: 

“Bir zaman vətəndaşların vəziyyətini  yaxşılaşdırmaq adı ilə Smart sayğaclar quraşdırıldı və prosesdə kifayət qədər vəsait xərcləndi. Bunlar Çindən təxminən 10-15 dollar maya dəyərində alınsa da, ölkəmizdə çox baha qiymətə rəsmiləşdirilirdi. Beləliklə, müxtəlif maliyyə mexanizmləri ilə vəsait mənimsənildi”. 

N.Bəydəmirli hesab edir ki, sistemdən daha çox vəsait oğurlamaq istəyən şəxslər yenidən smart sayğacları mexaniki sayğaclarla əvəz etdilər:

 “Bu prosesdən sonra  həmin sayğaclar daha çox yazmağa başladı. Hadisə vətəndaşlarda ciddi narazılıqlar yaratdı. Belə hallarda əhalinin irad tutmağı da təbiidir”.  

İqtisadçı-ekspertin qənaətincə, sayğacların  tez-tez dəyişdirilməsi  həmin prosesi həyata keçirən qurumun etibarsızlığını göstərir: 

“Hesab edirəm ki, ortada çox ciddi mənimsəmələr mövcuddur. Buna görə müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdır “.