Düşmən təxribatı səngimir! – Gizlinlər açılır: “KTMT-ni prosesə cəlb etmək istəyirlər”

 “Eyni zamanda yanvarın 14-də Türkiyə və Ermənistanın İrəvan–İstanbul-İrəvan reysinin açılması ilə bağlı tərəflər arasında Moskvada baş tutacaq görüşdür. Ermənistanda hansısa qüvvələr təxribat törədərək bunu əngəlləməyə çalışır”


Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi 11 yanvar 2022-ci il tarixində Kəlbəcər istiqamətində növbəti  dəfə təxribat törədib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirib. Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır və rəsmi Bakı  belə hərbi təxribatların davam etdirməsini qətiyyətlə pisləyir.

Qeyd edək ki, Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.


Təxribatların niyyətini şərh edən beynəlxalq məsələlər üzrə ekspert, siyasi şərhçi Əziz Əlibəyli “Sherg.az”a bildirib ki,bu məsələ iki vacib struktura söykənir:

“Biri yanvarın 14-də Türkiyə və Ermənistanın İrəvan–İstanbul-İrəvan reysinin açılması ilə bağlı tərəflər arasında Moskvada baş tutacaq görüşdür. Ermənistanda hansısa qüvvələr təxribat törədərək bunu əngəlləməyə çalışır. Digər məsələ KTMT-nin Qazaxıstan əməliyyatıdır. Bilirik ki, hazırda KTMT-nin dönəm başqanı Ermənistandır. Tokayev meydana çıxan qazax xalqının nümayəndələrini terrorçu adlandırdı. Onları zərərsizləşdirmək üçün KTMT-yə müraciət etdi. Bununla da KTMT – yə üzv ölkə rəhbərlərinin sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Tokayevin terrorçu ibarəsindən həvəsləndi. O, İkinci Qarabağ müharibəsində iştirak edən Azərbaycan hərbçilərini terrorçu adlandırıb eyni görüntünü formalaşdırmağa çalışdı.
Burda əsas məqsəd odur ki, KTMT bütünlükdə proseslərə cəlb edilsin. Beləcə Azərbaycan ordusuna qarşı Azərbaycan-Ermənistan sərhəddində KTMT qüvvələri yerləşdirilsin. Rəsmi İrəvan əməliyyatlar zamanı onlardan istifadəyə nail olsun. Ümumi mahiyyət bundan ibarətdir”. 

Siyasi  şərhçi  bu təxribatdan  sonra Türkiyənin  Azərbaycana dəstək nümayişinə toxunub və burdakı əsas məsələyə diqqət çəkib:

“Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etdi. O bununla Ermənistana xatırlatdı ki, törətdiyi belə təxribatlarla hazırda Türkiyə ilə qurula biləcək münasibətlərə də zərbə vurur. Həmçinin H.Akar Azərbaycan əleyhinə hərbi birləşmələrin, xarici dövlətlərin KTMT adı altında toplaşmasına imkan verməmək üçün bunu qeyd etdi”.

Ə.Əlibəyli bir gün öncə Azərbaycan - Ermənistan arasında imzalanan 11 yanvar  sazişinin  ildönümü olduğunu  diqqətə çatdırıb:

“Baş vermiş bu təxribat nəticəsində Azərbaycanın rəsmi İrəvana verdiyi adekvat cavab tədbiri Ermənistana xatırlatma nöqteyi-nəzərindən yaxşı bir dərs oldu”.