Ədalət Verdiyev: "Hərbi qulluqçumuzun həlak olduğu şərait mütləq öyrənilməlidir" - 

“Burda istintaq orqanın araşdırıb, cavab tapa biləcəyi kifayət qədər ciddi suallar da var"
 
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının ciddi şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, həlak olan C. Məmmədli əslən Şəki şəhərindəndir. O, iyul ayında hərbi xidmətinin başa vuracaqdı. 
 
İstər ikinci Qarabağ savaşında, istərsə də ondan öncəki dönəmlərdə mediada bəzi hərbi qulluqçuların silahla davranış qaydalarında yol verdiyi  nöqsanlara görə həlak olması xəbərlərinə təəssüf ki, rast gəlirik. Bəs görəsən,  hərb sahəsində baş verən bu kimi  faciəvi hadisələrin qarşısı almaq üçün hansı qabaqlayıcı  tədbirlər görmək olar?

Hərbi ekspert Ədalət Verdiyev  “Sherg.az”a açıalmasında bildirib ki, istənilən halda hərbi qulluqçunun təhlükəsizlik qaydalarını pozaraq həlak olması ağrılı və kədərli bir faktdır:

 “Burda istintaq orqanın araşdırıb, cavab tapa biləcəyi kifayət qədər ciddi suallar da var. Bunlardan biri  də həmin hərbi qulluqçunun  təhlükəsizlik qaydaları ilə tanış olması və bu tanışlıq haqqında müvafiq sənədlərə imza atmasıdır”.

Hərbi ekspert ehtiyatsızlıq qurbanı olan əsgərin hansı şəraitdə təhlükəsizlik qaydalarını pozmasını araşdırmağın vacib olduğunu vurğulayıb: “Real hadisənin baş verdiyi şərait mütləq öyrənilməlidir. Hərbi Prokurorluq da hər bir faktla əlaqədar zamanında rəsmi açıqlama ilə çıxış etməlidir ki, ictimaiyyətdə yaranan suallara aydınlıq gətirilsin” .

Ə.Verdiyev hərb sahəsindəki belə faciəvi halların qarşısını almaq üçün hərbi qulluqçulara silahla davranış qaydalarına aid əlavə təlimlərin keçirilməsinin və  həmin bölmədə nizam intizamın səviyyəsinin araşdırılmasının vacib olduğunu diqqətə çatdırıb.