“Rəsmi Bakı Zəngəzur, Göyçə və İrəvanın qaytarılması məsələsini qaldırmalıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan  dünən onlayn formatda keçirilən mətbuat konfransında çıxış edib. O bildirib ki, rəsmi İrəvan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Baş nazirin sözlərinə görə, bu sənəd əvvəlcə danışıqlar nəticəsində tərtib olunmalıdır:
 "Biz hesab edirik ki, bu danışıqlar baş tutmalıdır və Ermənistan buna hazırdır".

N.Paşinyan xatırladıb ki, Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər. Lakin bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün də danışıqlar mütləqdir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov N.Paşinyanın mətbuat konfransındakı çıxışını “Sherg.az”a dəyərləndirib. O bildirib ki, Nikolun sözlərini diqqətlə dinləsək, onun sülh prosesini başa düşdüyünü anlaya bilərik: 

“Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırlar. Lakin hesab edirlər ki, Qarabağ bölgəsi barəsində danışıqlar isə davam etməlidir. Rəsmi İrəvan  sərhəd məsələsini Sovet vaxtında olan sərhəddi təsdiq etmək kimi başa düşür. Eyni zamanda Qarabağ bölgəsi mövzusunun  açıq qalmasına çalışır və bununla da “birtərəfli uduz” əldə etmək istəyir. Yəni onlar bizim ərazi bütövlüyümüzü tanımadan, biz onların SSRİ vaxtında olan sərhədlərini tanıyaq”. 

T.Zülfüqarov onu da əlavə edib ki, Ermənistan bizim ərazi bütövlüyümüzü tanımır və hələ də Qarabağa aid hansısa layihələr, planlar hazırlayırlar:

“Bu əraziyə 80-82 milyona yaxın maliyyə ayırmağı da nəzərdə tutublar. Paşinyan da bunu təsdiq edib. Onda rəsmi Bakı da tarixi ədalətsizliyin bərpasını istəməlidir. Əzəli torpağımız olan Zəngəzur və Göyçə mahalı, eləcə də İrəvanın qaytarılması məsələsini qaldırmalıdır. Çünki bu torpaqlar qeyri-qanuni olaraq Ermənistana verilib. Hazırkı şəraitdə bizim üçün ən məntiqli mövqe budur”.