Rusiyanın qaz sektoruna dair sanksiyalar paketi: “Bu, Moskvanı mövqeyindən çəkindirə bilər”  

 “Çünki Rusiya neft və qazdan asılı iqtisadiyyatı olan ölkələrdən biridir”

“Əgər hazırda bu istiqamətdə sanksiyalar tətbiq olunarsa ,bu rəsmi Moskvaya ciddi təsir göstərər”


Avropa İttifaqı (Aİ) və Böyük Britaniya hökumətləri Rusiyanın qaz sektoru ilə bağlı layihələrinə qarşı sanksiyalar paketi hazırlayır. ABŞ-ın dəstəyi ilə hazırlanan sanksiyalar çərçivəsində Rusiyaya qarşı qaz sektorundakı layihələrdə maliyyələşmə və texnologiya paylaşımı sahəsində məhdudiyyətlər nəzərdə tutulur.Sözügedən sanksiyaların Ukrayna ətrafında gərginlik yaranacağı halda tətbiq olunacağı nəzərdə tutulur.

ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov tərəflərin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalardan “Sherg.az”a danışarkən bildirib ki, bu məsələdə Aİ ilə İngilətərənin mövqeyi tam olaraq  üst-üstə düşmür : 

“Burada əsas təzyiq qüvvəsi kimi ABŞ və İngiltərə çıxış edir.Rusiyadan ixrac olunan  qazın əsas hissəsini Almaniya, o cümlədən Aİ-nın digər ölkələri alır. Onlar da hazırda  Rusiyaya sanksiya tətbiq etməkdə , konkret olaraq  “Nord Stream – 2” (“Şimal Axını – 2”)  qaz kəmərini bağlamaq məsələsində çox həvəsli görünmürlər”.

 Politoloq hesab edir ki, Rusiya Ukraynaya hücum planını yavaş-yavaş reallaşdırır:

 “Kreml ardıcıl olaraq müharibənin başlaması üçün lazım olan bütün addımları atır. Bu davam edərsə, şübhəsiz ki, Avropa məcburiyyət qarşısında qalıb İngiltərə və  ABŞ-nin mövqeyi ilə razılaşacaq. Belə olduqda Rusiyaya qarşı sanksiyaları da sərtləşdirəcək”. 

H.Rüstəmlinin qənaətincə , bu sanksiya planının dünya bazarında neft və qazın qiymətlərinin qalxdığı vaxtda qurulması  təsadüfü deyil: 

“Çünki Rusiya neft və qazdan asılı iqtisadiyyatı olan ölkələrdən biridir. Əgər hazırda bu istiqamətdə sanksiyalar tətbiq olunarsa ,bu rəsmi Moskvaya ciddi təsir göstərər və onu bir çox mövqelərindən çəkindirə bilər”.