Britaniya reseptlərini Bakıya təqdim edib:“Bu, London-Bakı-Ankara üçbucağını gücləndirəcək” 

“Yaxın zamanlarda Britaniyanın təşəbbüsü ilə Ermənistanın hansısa güzəştə gedəcəyinə şahidlik edə bilərik”

“Britaniya ATƏT vasitəsilə öz maraqlarını ön plana çıxarmaq istəyir və bu Bakının prioritetlərinə uyğundur”

“Bu da öz növbəsində Ermənistan üzərində mütləq qələbəni təmin edən sülh modelinin yaranmasına gətirib çıxarır”


Xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris arasında telefon danışığı olub. Tərəflər Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar.Eyni zamanda regional təhlükəsizlik məsələləri,üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə olunub.Nazirlər cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına diqqətə çatdırıblar.Tərəflər bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Siyasi şərhçi Aqşin Kərimov hazırkı  Böyük Britaniya-Azərbaycan münasibətlərindən “sherg.az”a  danışarkən bildirib ki, indi Britaniya keçmişə söykənən imperialist siyasi ənənələrini modifikasiya edərək müasir dünya nizamına uyğun yeni addımlar atır:

“Britaniya həmişə  pərdə arxasından siyasət yürütməyə üstünlük verib. Bir neçə tarixi fakta göz atmaqla Londonun beynəlxalq sistemdəki həlledici rolu haqqında daha aydın təsəvvürlər yarada bilərik. Belə ki, o ikinci dünya müharibəsinin faşizm üzərində qələbəsini sürətləndirib. Məsələn, “Enigma” şifrəqıran aparatı ilə faşistlərin danışıqlarının, planlarının məzmunundan xəbər tuta bilib. Kuba böhranı ərəfəsində SSRİ-nin məxfi seyflərinə əli çataraq xeyli sənədə çıxış əldə edib və bu barədə ABŞ-ı məlumatlandırıb. SSRİ-nin dağılmasına rəvac verən nöqtələrdən birində - Şərqi Almaniyada güclü agentura şəbəkəsi qurub”. 

A.Kərimovun fikrincə, indi Britaniya harada bir güc formalaşsa, onunla əməkdaşlığı dərinləşdirməyə can atır:

“Nəzərə alaq ki, Britaniya Avropa qitəsində Rusiyaya dirəniş göstərə bilən həlledici gücdür. İndi Britaniya Avropadan Asiyaya qədər uzanan coğrafiyada yeni güc kimi səhnəyə çıxan qüvvələrlə əməkdaşlığı dərinləşdirməyə can atır. Bu mənada Cənubi Qafqazda yaranan yeni reallıqda Azərbaycan və Türkiyə ilə də münasibətləri yenidən nəzərdən keçirir. Britaniya ilə Azərbaycanın prioritetləri üst-üstə düşür, Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov bir neçə ay öncə bu barədə danışmışdı. Bu o deməkdir ki, Britaniya Azərbaycan-Türkiyə müttəfiqliyinə beynəlxalq stimul verən dövlətə çevrilir, London siyasi mətbəxinin məhsulu olan bəyanatlar da belə deməyə əsas verir”. 

Siyasi şərhçi Ceyhun Bayramovun britaniyalı nazirlə danışığından bir neçə gün öncə Birtaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın dediklərinə diqqət çəkib: 

“O deyib ki, ölkəsi Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumundakı fəaliyyətini dəstəkləyir. ATƏT-in hərbi-siyasi, iqtisadi və ekoloji və insani aspektləri əhatə edən təhlükəsizliyə hərtərəfli yanaşması var. Azərbaycan isə təhlükəsizliyin bütün sahələrinə dair qətiyyətli mövqeyə sahibdir – enerji təhlükəsizliyindən tutmuş, sabitliyə qədər”. 

Analitikə görə, Britaniya Azərbaycanın sədrliyi dövrü üçün öz reseptlərini Bakıya təqdim edib və bu London-Bakı-Ankara üçbucağını gücləndirəcək: 

“Yaxın zamanlarda Britaniyanın təşəbbüsü ilə Ermənistanın hansısa güzəştə gedəcəyinə şahidlik edə bilərik. Britaniya ATƏT vasitəsilə öz maraqlarını ön plana çıxarmaq istəyir və bu Bakının prioritetlərinə uyğundur. Bu da öz növbəsində Ermənistan üzərində mütləq qələbəni təmin edən sülh modelinin yaranmasına gətirib çıxarır.

  Eyni zamanda MDB məkanında cərəyan edən mənfi tendensiyaların Cənubi Qafqaza sıçramaması üçün möhkəm əsaslar yaradır”.