Dördtərəfli görüş! - “Ermənistan üzərinə öhdəliyi götürüb”

Fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan və Fransa liderləri, Ermənistan baş naziri  ilə  Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında videoformatda görüş keçirilib. Görüşdə E.Makron Fransanın  Avropa İttifaqına sədrliyi qismində çıxış edib. Toplantı zamanı əvvəlcə Şarl Mişelin təşəbbüsü ilə 2021-ci il dekabrın 14-də Brüsseldə Azərbaycan və Ermənistan tərəfin iştirakı ilə keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.

 Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr edilib. Bu xüsusda iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşü “Sherg.az”a şərh edən millət vəkili Tural Gəncəliyev bildirib ki, Azərbaycan tərəfinin belə bir  toplantıda iştirakı rəsmi Bakının daim kostruktiv danışıqlara hazır olduğunu  göstərir: 

“Rəsmi Bakı öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. O postmünaqişə proseslərində  və ədalətli sülhə aparan yolda öz sağlam mövqeyini daim ortaya  qoyur. Ermənistan tərəfindən də eyni münasibəti gözləyir. Azərbaycan istər 44 günlük  İkinci Qarabağ savaşı, istərsə də ondan sonrakı dövrdə münaqişənin həllində istənilən tərəfin vasitəçilik missiyasını, təkliflərini hər zaman nəzərdən keçirib”. 

Deputat baş tutmuş görüşdə rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliyə diqqət çəkib: 

“Ermənistan üzərinə birinci Qarabağ müharibəsində qətlə yetirilmiş, hələ də barələrində hər hansısa bir məlumat olmayan Azərbaycan vətəndaşları və onların kütləvi məzarlıq yerləri haqqında məlumat vermək öhdəliyi götürüb. 

Rəsmi Bakı isə  görüşdən bir neçə gün sonra kostruktivlik mövqe göstərərək  artıq səkkiz erməni hərbçisini geri qaytarıb”. 

T.Gəncəliyev hesab edir ki, belə məqamlarda  daha çox ölkə başçımızın iradəsi vurğulanmalıdır:

 “Çünki Azərbaycan tərəfinin konstruktiv mövqeyi olmasa, bu görüşlərin də xüsusi bir əhəmiyyəti olmaz”.