“Birgə istehsal ediləcək PUA-lar dünyada tanınacaq”

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar jurnalistlərə açıqlamasında  bildirib ki, Azərbaycanda yeni müəssisə qurmağı planlaşdırır. O qeyud edib ki, Azərbaycanda “Bayraktar TB2” dronlarının və pilotsuz uçuş aparatlarının istismarından, onlara texniki xidmətdən başqa bu qurğuların istehsalı üçün lazım olacaq yüksək texnologiyanı inkişaf etdirmək, süni intellektin tətbiqini genişləndirmək məqsədi ilə müəssisə qurmağı hədəfləyirik:
“Türkiyə Texnologiya Fondu olaraq “ASAN xidmət”lə birlikdə Azərbaycanın ilk DNT Mərkəzini də açacağıq.Onun yaxınlığında isə Elm Mərkəzini açmağı hədəfləyirik”.

Hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov bu haqda “Sherg.az”a danışarkən vurğulayıb ki, hazırda iki ölkə birgə müəssisələr, hərbi sənaye komplekslərinin inkişaf etdirilməsi istiqamətində addımlar atır:

“Proses iki dövlətin maraqlarına xidmət edir. Həm Azərbaycan, həm də Türkiyə üçün hərbi sənaye kompleksinin inkişafından daha çox siyasi əhəmiyyət daşıyır. Çünki birgə istehsal ediləcək PUA-lar dünyada tanınacaq. Bu zaman Türkiyənin adı ilə yanaşı ölkəmizin adı da çəkiləcək”.

Ü.Cəfərova görə, indi rəsmi Ankara son illər dünyada artan nüfuzunu qardaşı ilə bölüşür:

 “Ötən həftələrdə Türkiyə dövlət başçısı R.T.Ərdoğan Ukraynada səfərdə oldu. Bu ölkə ilə də birlikdə iki dövlətin PUA-larının istehsal olunması razılaşdırıldı. İndi Azərbaycanla da belə proses həyata keçiriləcək. Bunun dərin siyasi, iqtisadi, hərbi mahiyyəti var. 21-ci əsrin müasir texnologiyaya böyük ehtiyacı var. Bu ehtiyacları qarşılamaq üçün də belə razılaşmalar önəmlidir”. 

Hərbi jurnalist gələn il Türkiyədə pilotsuz qırıcı təyyarə istehsal olunacağını  diqqətə çatdırıb və sonrakı illərdə Azərbaycanın da bu prosesin iştirakçısı olacağını vurğulayıb:

 “İki qardaş ölkə üçün eləcə də Türk dünyası üçün belə addımlar böyük əhəmiyyət kəsb edir. Gələcəkdə digər türk dövlətlərinin də bu layihələrdə iştirakı gündəmə gələcək”.