Deputat:“Bakıda da rayon bölgüsünü azaltmaq lazımdır”

 “Axı bu qədər rayon nəyə gərəkdir? Hər rayonun da bir icra başçısı, ayrıca bir strukturu var”

"Məncə, yaxın zamanda paytaxt ərazisində də bununla bağlı dəyişiklik etmək gərəkir”

Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunur. Bu “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında birinci oxunuşda müzakirə ediləcək.

Millət vəkili Fazil Mustafa sözügedən rayonların ləğv edilməsi təklifinə münasibət bildirib. 
O məsələ ilə bağlı “Sherg.az”a danışarkən bu prosesin əhəmiyyətli və zəruri olduğunu deyib:

 “Boş-boşuna bir şəhərin içində iki rayon müəyyən etmək hökumətdə iş yeri açmaq kimi bir şeydir. Bu dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına beləliklə də prosesin mürəkkəbləşməsinə səbəb olur”. 

F.Mustafanın fikrincə,nəinki Gəncədə Bakının özündə də rayon bölgüsünü azaltmaq lazımdır:

 “Axı bu qədər rayon nəyə gərəkdir? Hər rayonun da bir icra başçısı, ayrıca bir strukturu var. Məncə, yaxın zamanda paytaxt ərazisində də bununla bağlı dəyişiklik etmək gərəkir”.