Təkcə Müttəfiqlik Günü deyil...

Türkiyə ilə ortaq bayramlarımız çox olmalıdır

Milli Məclisdə Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixi Türkiyə və Azərbaycanın ortaq bayramı kimi qeyd olunsun. Bu təklifi Milli Məclisin dünən keçirilən iclasında deputat Fazil Mustafa irəli sürüb:
"15 iyun hər iki ölkədə Müttəfiqlik Günü kimi qeyd edilsin". 

AMEA-nın əməkdaşı, türkoloq-alim, politoloq Faiq Ələkbərli "Şərq"ə açıqlamasında bildirib ki, əlbəttə, 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Şuşada imzalanan bəyannamə çox mühüm əhəmiyyət kəsb edir: 

"15 iyun Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentində təsdiq edilməsi, dövlət başçılarının sənədi imzalaması, hüquqi qüvvəyə minməsi çox mühümdür. Bayram kimi qəbul edilməsi də mümkündür. Amma bayram əhval-ruhiyyəsinə qədər yüksəlməsi üçün hər iki dövlətin bununla bağlı yenidən addımlar atması vacibdir. İstək çox gözəldir. Yüksək qiymətləndirirəm". 

Türkoloq-alim onu da əlavə edib ki, gələcəyə baxdıqda digər bayramlarımızın da ortaq şəkil alması bir ənənəyə çevrilməlidir:

 "Məsələn, necə ki, 21 mart Türkiyədə bir bayram günü kimi qəbul edilir. Bu gün 28 may, 23 aprel, 29 oktyabr kimi digər milli bayramlarda da ortaq ab-havanın yaradılması daha məqbul olar. Türkiyə və Azərbaycan birliyinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq irəliyə addımlaması üçün məntiqlidir, mümkündür".