İçməli suyumuz Gürcüstana baxanda 5 dəfə natəmizdir


Ölkəmizin böyük şəhərlərində əhaliyə verilən suyu isə texniki su adlandırmaq olar
"Standart qəbul etmək müsbət haldır. Amma ölkədə minlərlə standart var, hansına riayət olunur ki?"
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə “İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” mövzusundakı çıxışında bildirib ki, suda kimyəvi maddələr, bakterioloji və digər göstəricilər araşdırılıb: "Azərbaycanda suda orqanik keyfiyyət çox vaxt yaxşı olmur. İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Milli Dövlət Standartı hazırlanıb. Bu standart 380 göstəriciyə görə hazırlanıb, həmçinin Avropa standartlarına uyğunlaşdırılıb”.

Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Elçin Bayramlı "Şərq"ə açıqlamasında bildirib ki, ölkədə suyun keyfiyyəti, təmizliyi xeyli dərəcədə aşağıdır:

"Kimyəvi və bioloji çirklənmə yüksək səviyyədədir. Avropada bəlkə də ən pis içməli su bizdədir. Hətta bizimlə eyni regionda yerləşən qonşu ölkədə - Gürcüstanda da yaxşıdır. Tbilisidə binalara verilən içməli suyun həm TDS, həm də pH göstəricilərini yoxlamışıq. Bakıya nisbətən su 5 dəfə daha təmizdir. Ölkəmizin böyük şəhərlərində əhaliyə verilən suyu isə texniki su adlandırmaq olar. Bu səbəbdən əhalinin nisbətən imkanlı hissəsi mütləq şəkildə evlərinə su filtri aparatları quraşdırıb, digərləri isə mağazalardan su almağa üstünlük verir. Heç kim bu bərbad suyu uşaqlarına içirtməz. Hətta qaynatmağın belə faydası yoxdur. Qaynama ağır metalları, xloru və kimyəvi maddələri suyun tərkibindən çıxara bilmir. Əksinə, faydalı mineralları da öldürür. Bu artıq ölü sudur. 

Suyu yaxşı təmizləyə bilmədikləri üçün normadan 5-6 dəfə çox xlor vurulur ki, yoluxucu xəstəliklər yayılmasın. Belə olduqda isə xlor orqanizm, sağlamlıq üçün daha təhlükəlidir. Ümumiyyətlə, xəstəliklərin 80 faizinin çirkli sudan yarandığı hesab edilir. Demək olar ki, Azərbaycanda suda yod da yoxdur". 

Ekspert vətəndaşlara suyu ya filtrdən keçirib, ya da mağazadan alıb, istifadə etməyi məsləhət görür: 

"Lakin filtrdən keçən bu suların mineral tərkibi olmadığından həmin suya bir neçə limon və hər litrinə 2 damcı olmaqla apteklərdə satılan ionlaşdırılmış yod əlavə etsinlər. Standart qəbul etmək müsbət haldır.  Amma ölkədə minlərlə standart var, hansına riayət olunur ki? Əsas məsələ standartlara əməl edilməsinə nəzarətdir. Əks təqdirdə yüz standart qəbul edilsə də, xeyri yoxdur. İçməli su ehtiyatları düzgün istismar edilməli, əhaliyə verilən su ilə yaşıllıqlar, zavodlar, fabriklər və moykalarda istifadə edilən su fərqli olmalıdır. İçməli su təsərrüfatı sistemi yenidən qurulmalı, çürümüş borular dəyişdirilməli, su anbarları mütəmadi olaraq təmizlənməlidir. Sumqayıtda yaradılan su təmizləyici zavod kimi digər zavodlar da yaradılmalıdır ki, böyük şəhərlərə təmizlənmiş su verilsin. Əks halda əhali arasında xəstəliklərin sayı artacaq".