Professor təşəbbüsü dəstəkləyir:““Randevu”nun lüğətə daxil edilməsi...”

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bir sıra təhlillər aparıb.Mərkəzin təhlilləri zamanı “Azərbaycan dilinin Orfoqrafiya lüğəti”ndə, həmçinin izahlı lüğətlərdə öz əksini tapmayan, lakin aktiv şəkildə işlənən xeyli miqdarda söz və terminlərin olduğunu müəyyənləşib. Nəticədə lüğətə “birdəqiqəlik”, “yüksəksəviyyəli” və bu qəbildən olan “eyniquruluşlu”, “ikidövrəli”, “dünyamiqyaslı”, “yüzdəyüz”, “yansımaq”, “randevu”  sözlərinin salınması təklif olunub.

Təşəbbüsü dəyərləndirən BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, hazırda Mərkəzin orfoqrafiya lüğətinə salınmasını təklif etdiyi sözlər dilimizdə kifayət qədər populyardır:

 “Dil yaradıcı, canlı prosesdir. Yaranan yeni sözlər zamanla formalaşıb dilin lüğət tərkibinə keçir. Mürəkkəb sözlərin birləşib hər hansı məqamda bütöv söz kimi işlənməsi normaldır. Məsəl üçün, hazırkı orfoqrafiya lüğətində “beşdəqiqəlik” sözü var . 

Bu yazı qaydası göstərir ki, əgər “beşdəqiqəlik” sözü bitişik yazılırsa “birdəqiqəlik” də  belə yazıla bilər”.  “Randevu”  və s. kimi alınma sözlərin də lüğətə daxil edilməsinin heç bir zərəri yoxdur. Dil canlı proses olduğu üçün gedişatda bir çox sözlər ölə, bir qrup sözlər isə canlana bilər. Bu da dilin tərkibini zənginləşdirir”. 

Q.Məhərrəmli diqqətə çatdırıb ki, orfoqrafiya lüğətinə çoxlu söz əlavə etmək yox, həmin sözlərin düzgün yazılış qaydalarını ortaya qoymaq daha önəmlidir:

 “İndi bu proses gedir. Fikrimcə, dil üzərində vaxtaşırı belə müşahidələrin, monitorinqlərin aparılması önəmlidir”.