Navalnının çağırışı prosesləri tətikləyir:“Xalq ayağa qalxıb Putini cilovlamalıdır”

Rusiya müxalifətinin həbsdəki lideri Aleksey Navalnı ölkəsinin Ukraynaya qarşı hərbi təcavüzünü pisləyib. Navalnının müharibə əleyhinə müraciət-çağırışı onun “Instagram” səhifəsində paylaşılıb. O müraciətində rusiyalıları Ukraynaya qarşı hərbi təcavüzə etiraz olaraq, küçələrə çıxmağa çağırıb:

“Əgər bu gün Rusiyada fəxr ediləcək bir şey varsa, o da “Müharibəyə yox” şüarı ilə küçələrə çıxdıqları üçün həbs olunan 6835 nəfərdir. Bir gün də gözləmək olmaz. Gəlin,müharibə əleyhinə mübarizə aparaq”.

Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu A.Navalnının rus xalqına çağırışını “Sherg.az”a şərh edib: 

“Belə məqamlarda bu cür çağırışlar xüsusi əhəmiyyət kəsb edir. Hazırda Putin açıq şəkildə beynəlxalq cinayətə əl atıb. Kimsə onun yerində oturtmalıdır. Bunun ən çox ziyanını da elə rus xalqı görür. Xalq özü ayağa qalxıb Putini cilovlamalıdır”.

S.Cəlaloğlunun sözlərinə görə, indi rus xalqı öz ölkəsini xilas etmək istəyirsə, Putindən birdəfəlik  imtina etməlidir.