Xankəndiyə yol görünür! –“Anti-terror əməliyyatları qapıdadır” - Rəsmilərdən mesaj 

“Dördüncü maddə artıq işə keçməlidir” 

 “Hazırda erməni separatçıları ərazilərimizdən öz xoşları ilə getmir və Rusiya bunda vasitəçi olmursa, biz bu işi məcbur şəkildə özümüz həyata keçirməliyik” 


  Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri növbəti dəfə təxribat törədiblər. Terrorçular ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən,təxribatların qarşısını almaq məqsədilə həmin istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb: “Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir”. 
Bundan  əlavə ,martın 7-də də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Siyasi şərhçi Rusif Məmmədsoy  bu təxribatla bağlı “Sherg.az”a danışarkən bildirib ki, hazırkı proses hər  birimizi narahat edir: 

“Çünki ortada həm noyabr, həm də yanvar anlaşmaları var. Təəssüflər olsun ki, qarşımızda bu anlaşmaların əksinə hərəkət edən bir Ermənistan və ona havadarlıq edən Rusiya var. Məncə, indiki gərginlik təsadüfi deyil. Rus sülhməramlılarının komandanı Andrey Volkov  Kreml tərəfindən idarə olunur.Bu səbəbdən hazırkı proseslərin də Kremldən idarə olunması açıq-aşkar görünür və onlara cavab verilməlidir”. 

R.Məmmədsoyun fikrincə, biz indi yarımçıq qalmış işimizi bitirməliyik əks təqdirdə Rusiya hər vəchlə bu münaqişə ocağının daim qalmasına səy göstərəcək:

“O öz təzyiq metodlarını artırmağa çalışacaq. Bu mənada mütləq şəkildə ordakı erməni separatçıları təmizlənməlidir.Dördüncü maddə artıq işə keçməlidir”. 

Analitik anti-terror əməliyyatlarına diqqət çəkib:

 “Hesab edirəm ki, anti-terror əməliyyatları artıq qapıdadır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun türk ordu modelinə keçidin sürətlənməsinin rəsmiləşməsi ilə bağlı əmr verməsi və millət vəkili Tural Gəncəliyevin “Yolumuz Xankəndiyədir” yazılı paylaşımı mənim diqqətimi çəkdi. Bunların üst-üstə düşməsi yaxın günlərdə bu istiqamətdə  nələrinsə dəyişəcəyini  göstərir. Müdafiə Nazirliyindən verilən son açıqlama da qeyd olunub ki,indi Ermənilər atəş açdıqca biz dəqiq zərbələr endiririk.

Siyasi şərhçinin qənaətincə, hazırda erməni separatçıları ərazilərimizdən öz xoşları ilə getmir və Rusiya bunda vasitəçi olmursa, biz bu işi məcbur şəkildə özümüz həyata keçirməliyik” .