İranla Anlaşma Memorandumu! – Nə vəd edir? – “Zəngəzur dəhlizinə alternativ...”

Martın 11-də Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib. Toplantı çərçivəsində  iki hökumət  arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. 
Memorandumu Azərbaycan tərəfindən Baş nazirin müavini, komissiyanın Azərbaycandan olan həmsədri Şahin Mustafayev, İran tərəfindən isə İranın yol və şəhərsalma naziri, komissiyanın iranlı həmsədri Rüstəm Qasemi imzalayıb.

Politoloq Sədrəddin Soltan tərəflər arasında imzalanan   “Anlaşma Memorandumu”  barədə “Sherg.az”a  danışıb. Onun sözlərinə görə, bu  müəyyən mənada  Azərbaycanın təklif etdiyi Naxçıvanla  Zəngilan arasındakı  əraziyə- Zəngəzur dəhlizinə alternativdir:

 “Azərbaycan tərəfi ermənilərə, onlar tərəfindən bu məsələyə mane olan qüvvələrə göstərdi ki, rəsmi Bakının alternativi var. İran tərəfi də Azərbaycanın apardığı haqq işinə dəstək olduğunu bəyan etdiyinə görə, xoşməramlı olduğunu göstərmək üçün Zəngilandan Azərabaycanın Culfa rayonuna keçid üçün  nəzərdə tutulan koridorla bağlı anlaşma imzaladı”. 

S.Soltan  “Anlaşma Memorandumu” nun müsbət tərəflərinə diqqət çəkib : 

“Bununla Azərbaycan ərazisi daha qısa məsafə ilə birləşir. Belə ki, əvvəllər  avtomobillər Biləsuvar rayonuna ordan Arazboyu Culfaya gedirdi. İndi həmin  məsafə qısalır. Çünki Zəngilandan Culfaya cəmi 40-50 kilometr yol var.

 Həmçinin tarixi sənəd  gələcəkdə ikitərəfli əlaqələrin əməkdaşlığın inkişafına yardım edəcək. Eyni zamanda Azərbaycanla İran arasında etimadı artıracaq. Perspektivdə bu yoldan digər ölkələr də istifadə edə bilər və regional əhəmiyyətli beynəlxalq dəhlizə çevrilə bilər”. 

Politoloqun fikrincə,  gələcəkdə  Gorus-Qafan avtomobil yolunun Azərbaycana aid olan hissəsində də rəsmi Bakı Zəngilan koridoru qarşılığında İrana müəyyən güzəştlər edə bilər.