Sensasiya! - Ermənistanın Azərbaycanda casusları çoxdur”- DTX "təmizləyir"


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən kompleks əks-kəşfiyyat tədbirləri  çərçivəsində düşmənlə əməkdaşlıq edən şəxs saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Məlumata əsasən, başlanılmış cinayət işi üzrə Azərbaycan  vətəndaşı,1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinib. 

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Deputat  Aqil Abbas məsələ ilə bağlı  “Sherg.az”a danışarkən bildirib ki, aprel döyüşlərindən sonra  belə hallar intensiv xarakter alıb: 

“Ermənilərin burda cəsusları var. Onlar vaxtaşırı müəyyən məlumatları düşmən tərəfə ötürürlər. İndi DTX onlardan birini saxlayıb. Amma yəqin ki, sayları çoxdur”.

A.Abbas diqqətə çatdırıb ki, DTX bu istiqamətdə yeni əməliyyatlar həyata  keçirəcək:

“Belə satqınların, casusların varlığı ölkəmiz üçün təhlükəlidir. Ona görə analoji əməliyyatların sayı artırılmalıdır. Odur ki, bu sahədə hələ çox  işlər görüləcək”.