Dəli Kürdən quru Kürə!– Kürün dərdi var, Kür xəstədi: “Təhlükə altındadır” - SOS 


Zakir Eminov:“Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”

Telman Zeynalov:“Gərək hadisənin elmi cəhətləri araşdırılsın”


AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Bakı Dövlət Universitetində “Elm günü” ilə əlaqədar “Azərbaycan təbiətini qoruyaq” mövzusunda keçirilən elmi seminarda iştirak edib. O, Kür çayındakı mövcud vəziyyətlə bağlı danışıb. Baş direktor bildirib ki, insan təbiətin bir hissəsidir və özünü nə qədər güclü hesab etsə də, təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır:

“Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. 30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb. Kiçik Qafqaz meşələri təhlükə altındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkirlər. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”.

Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Z.Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb:

“Artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir: “Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey özümüzdən asılıdır”.

Kürdəki vəziyyətlə bağlı əhalinin  köçürülməsi məsələsini “Sherg.az”a  şərh edən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov vurğulayıb ki, gərək hadisənin elmi cəhətləri araşdırılsın:

“Əgər doğrudan da su qıtlığı yaranıbsa, o zonadan əhalinin köçürülməsi lazımdır. Ancaq digər tərədən ilk növbədə  su qıtlığını elmi tərəfdən əsaslandırmaq lazımdır.  Kür qurumasının səbəbi nədir ? Quraqlıqdırsa, bu, bizdə olub. Bir müddət  sonra Kürün suyu yenidən qalxa bilərmi? Mingəçevir su anbarı Kürə su buraxır, yoxsa yox? Bunu öyrənmək lazımdır. Daha sonra Türkiyə, Gürcüstan Kürdən istifadə edirmi?Çünki Kür bizə az gəlib çıxır”.

Ekoloqun fikrincə, ölkədə quraqlıq hiss olunur:

“Ancaq deyərdim  ki, bütün bunlarla bərabər son dövrlərdə Azərbaycanda quraqlıq baş verir. Məsələn, Dağıstana bir metr yarım qar yağır, Azərbaycana 3-5 santimetr.  Bunu da öyrənmək lazımdır.  Bizim tapdağımızın altında suyun olub olmadığını öyrənmək lazımdır.  Əhalinin susuz qalmaması üçün bütün bunlar hərtərəfli öyrənilməlidir. Xatırlayırsınızsa, Liviya prezidneti Qaddafi Amerika tərəfindən öldürüldü. Çünki Amerika təklif ona etmişdi ki, gəlin okean suyunu şirinləşdirib sizə verim və siz də suvarma ilə məşğul olun. Qaddafi isə cavabında bildirdi ki, mənim ayağımın altında nə qədər istəsəniz su var.  34 milyard dollara o, həmin suyu qaldırdı. Məhz digər dövlətin siyasətinin əleyhinə getdiyinə görə, onu doğradılar.

Bizdə də baxmaq lazımdır ki, Azərbaycanın ətrafında üç böyük dağ var. Necə ola bilər ki, bizim tapdağımızın altında su olmasın?! Qara dənizin altında belə su var.  Yəni, bunlar elmlə əlaqəlidir. Biz elmi cəhətdən əsaslanadırma etməliyik”.