Putin-Zelenski görüşü! - Yekun sülh imzalanacaq? – AKTUAL 

“Bu görüş heç bir halda yekun nəticə ilə  bitməyəcək”

“Ola bilər ki, tərəflər müahribəni dayandırmaq haqqında qərar qəbul etsinlər. Bu döyüşləri dayandırmaq səviyyəsində bir razılaşma olacaq”

“Yekun sülh müqaviləsinin bağlanması və münaqişənin tam olaraq həll edilməsi gözlənilmir”  


Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Rusiya lideri Vladimir Putinlə danışıqlar aparıb. Türkiyə Prezidenti Administrasiyasından verilən açıqlamaya görə, telefon söhbəti zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr və bölgədəki humanitar vəziyyət müzakirə edilib. Prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün təmin olunması üçün əvvəlcədən göstərdiyi səmimi yanaşmasını davam etdirir. O, Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda müsbət nəticə əldə olunmasını ürəkdən arzuladığını deyib.Bəzi məsələlərdə konsensusa nail olmaq üçün liderlər səviyyəsində danışıqlar tələb oluna biləcəyinə diqqət çəkən prezident Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini İstanbul və ya Ankarada qəbul etmək təklifini təkrarlayıb.

Ukrayna –Rusiya savaşında Türkiyənin mövqeyi ilə bağlı “Sherg.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Türkiyə bölgədə ən aktiv siyasi mərkəzlərdən biridir:

“Bölgə ilə maraqlanan Tükiyədən güclü dövlətlər də var. Ancaq  son günlər görürük ki, onların təsir imkanları qardaş ölkə qədər geniş deyil. Çünki rəsmi Ankara döyüşlərin başladığı ilk vaxtlardan doğru qərar verdi və tərəfsiz qalmağı üstün tutdu. Yəni, açıq siyasi diplomatiya dilində tərəfsiz oldu. Əslində, görürük ki, Türkiyə Ukryanaya humanitar yardım edir, bu ölkəyə məxsus “Bayraktar”lar döyüşlərdə iştirak edir. Bütün bunlar Türkiyənin  bölgədəki maraqlarının  təcəssümüdür".

Ekspertin fikrincə, Türkiyə heç bir halda Ukraynanın dövlət olaraq, Rusiyaya boyun əyməyini istəmir:

“Çünki Kremlin həyata keçirdiyi bütün əməliyyatlar Qara dənizi öz nəzarəti almağına, Donetsk, Luqansk, və Krımın ilhaqını tanımaq kimi məsələlərə yönəlib. Bütün bu hallar Qərbdən çox, Türkiyənin milli maraqlarına zərərdir.

Türkiyə bu nöqtələrdə problemə aktiv oyunçu kimi daxil olub. Görürük ki, qardaş ölkə tərəfindən həyata keçirilən siyasi gedişlər zaman-zaman öz bəhrəsini vermək yolunda ciddi uğurlar əldə edir. Məsələn, Türkiyənin vasitəçiliyinə qədər Ukrayna və Rusiya  XİN heç telefon danışığı belə həyata keçirməmişdi. Amma onlar Türkiyədə üz-üzə görüşməyə nail oldular. Düzdür, görüşün nəticələrini çox uğurlu saymaq olmaz. Çünki ciddi heç bir razılaşma olmadı”. 

H.Səhrablı hesab edir ki, bu görüşlər yekun sülhlə nəticələnməyəcək:

“Prezident səviyyəsində görüşlər təşkil oluna bilər. Amma bu görüşdən sonra tərəflər bir-biri ilə razılaşacaqmı və müharibə dayanacaqmı? Bunu açığı gözləmirəm. Ən yaxşı halda müharibənin dayandırılması ilə nəticələnə bilər, amma bunu da gözləmirəm. Çünki tərəflərin bir-birinə verdiyi təkliflərə baxdıqda tamamilə ziddiyyət təşkil etdiyini görə bilərik.  Məsələn, Rusiya tələb edir ki, Luqansk və Donetskin müstəqilliyi, Krımın ilhaqı tanınsın və Ukrayna öz ordusunun bir hissəsini tərk-silah etsin və.s. Ukrayna tərəfi isə bu kimi şərtlərin heç biri ilə razılaşmır. Burada tərəflərdən biri tam olaraq qüvvələrini  itirməmiş onların razılaşacağı inandırıcı görünmür.

Hazırda isə Rusiya da, Ukrayna da  qüvvələrini təslim olacaq qədər itirməyib. Bu səbəbdən siyasi  masada  razılaşmalar sadəcə siyasi məsləhətləşmələr olaraq davam etdiriləcək. Bütün bunların sonunda Putin və Zelenski arasında görüş baş tuta bilər. Bu təbii məsələdir. 

Ancaq bu görüş heç bir halda yekun nəticə ilə  bitməyəcək. Ola bilər ki, tərəflər müahribəni dayandırmaq haqqında qərar qəbul etsinlər. Bu döyüşləri dayandırmaq səviyyəsində bir razılaşma olacaq. Yekun sülh müqaviləsinin bağlanması və münaqişənin tam olaraq həll edilməsi gözlənilmir”.