PA-da Vətəndaş Qəbulu Mərkəzi! – “Yığılıb qalmış problemlərin həlli...”

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün zəruri şərait yaradılıb.Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir.Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. S.Nuriyevin sözlərinə görə, bu Mərkəz ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq.

Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf  Zeyni  yeni istifadəyə verilən Vətəndaş Qəbulu Mərkəzi ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, burda əsas məsələ vətəndaş məmnunluğunu təmin etmək, müraciət edənlərin şikayətlərinə baxıb zamanında onların həlli istiqamətində tədbirlər görməkdir: 

“Vətəndaş müraciətlərinin əlçatan olması idarəetmənin ən əsas prinsiplərindən biridir.Cənab Prezident İlham Əliyev də hər zaman deyib ki, bizim siyasətimizin əsasında vətəndaş dayanır. 

Biz dövlətimizin inkişafı, idarəetmənin təşkili, islahatların aparılması üçün nə ediriksə, onların hamısı vətəndaşa xidmət üçündür. Vətəndaşların məmnun olduğu yerdə inkişafdan danışmaq olar. Əks halda inkişaf mümkün deyil”. 
Rauf  Zeyninin fikrincə, qəbul prosesi ilə vətəndaş məmnunluğu təmin ediləcək:

 “Bu yığılıb qalmış  vətəndaş problemlərinin həll olunmasında da çox mühüm rol oynayacaq”.