Brüssel görüşünün yekunları: Sərhədlərin delimitasiyası və sülhün detalları  masada...

“ATƏT-in Minsk qrupunu da arxivə göndərmiş oluruq”

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Dörd saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. 

Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam isə Azərbaycanın ərazi bütövlüyüdür. Görüşdə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. 

Avropa İttifaqının minalardan təmizləmə,itkin düşmüş şəxslərin tapılması,eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi vurğulanıb. Eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması,dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılmasına qərar verilib.Həmçinin Aİ-nın görüşün keçirilməsindəki rolu vurğulanıb. Qeyd edək ki,tərəflər arasında imzalanacaq sülh razılaşmasının əsas komponenti kimi Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifdir. Sənəddə əsas məqam isə Azərbaycanın ərazi bütövlüyüdür. Proses, Ermınistanda gedən müzakirələr göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verdi və  Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri baş tutmadı. 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Brüssel görüşünün yekunları ilə bağlı “Sherg.az”a danışıb:

“Görüş özü-özlüyündə bir sülh gündəliyi formalaşdırdı. İndiyə qədər belə bir nüans yox idi. Artıq masada konkret olaraq sülhün detalları müzakirə olunur. Bu yeni mərhələdir və gələcəyə ümidlə baxmağa şərait yaradır. Burda  digər önəmli məsələ tərəflərin sərhəd məsələləri üzrə birgə komissiyasının yaradılmasıdır. Komissiyanın ən vacib cəhəti orda yalnız Azərbaycan və Ermənistanın iştirakıdır. Bizi narahat edən əsas məsələlərdən biri  münaqişəyə  digər üçüncü bir dövlətin müdaxiləsi idi. İndi bu hal baş verməyəcək.
Sərhəd delimitasiya prosesinə başlamaqla bağlı razılıq əldə olundu. Bununla sərhəddə gərginliyin aradan qaldırılması məsələsi gündəmə çıxır. Ancaq elə Brüssel görüşünün səhəri məlum oldu ki, Ermənistan tərəfi Tovuz istiqamətində  mövqelərimizi atəşə tutub. Bu Qarabağ ərazisi deyil dövlət sərhəddidir. Ermənistan bununla bağlanacaq sülhə nə qədər sadiq olacağını göstərdi”. 

Ə.Əlibəyli bu məqamda Ermənistanda vahid təhlükəsizlik sisteminin olmadığını vurğulayıb:

 “Kimlər sərhəddi idarə edir, kimlər sərhəd arxasında xidmət edir bu çox naməlum məqamdır. Ölkənin baş naziri Brüsselə sülh müqaviləsinə görə danışıqlara gəldiyi bir vaxtda digər yandan atəşkəsin pozulması heç bir məntiqə sığmır. Görünən odur ki, indi rəsmi İrəvanı ciddi şəkildə öhdəliklər götürməyə məcbur etmək lazımdır”. 

Ekspert  Avropa İttifaqının Brüssel görüşündəki roluna diqqət çəkib:

 “Aİ bölgədə aparıcı missiyanı üzərinə götürmək istəyir. Hazırda o beynəlxalq təşkilat olaraq bögədə humanitar istiqamətdə əsas söz sahibinə çevrilir. Beləcə biz ATƏT-in Minsk qrupunu bir az arxivə göndərmiş oluruq. Humanitar məsələlərdə, itkin düşən şəxslərin tapılması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi , eləcə də, həmin ərazilərdə həyata keçirilən quruculuq işləri Aİ-nin xətti ilə daha da genişlənəcək”.