Azərbaycan, Türkiyə, Gürcüstan xüsusi təyinatlılarının birgətəlimi: “NATO standartlarına keçid...” 

“Cənubi Qafqazdakı yeni gerçəklik Azərbaycanla Türkiyə qarşısında yeni çağırış qoyur, bu, Gürcüstanın təhlükəsizlik zolağına çəkilməsidir”

“Bu məsələdə ən aktiv oyunçu Türkiyədir, Azərbaycan da ona yardımçı olur və Tbilisinin başı üzərindəki qara tüstünü dağıtmaq hədəflənir”


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Şuşada keçiriləcək birgə iclasında Azərbaycan, Türkiyə, Gürcüstan xüsusi təyinatlı qüvvələrinin təliminə dair sənəd müzakirəyə çıxarılacaq. Sənəd üç ölkə arasında imzalanıb və “Qafqaz qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandumu adlanır.

Oxu.Az sənədin mətnini əldə edib, sənəddə qeyd edilir ki, təlimlər regionda xüsusi təyinatlı qüvvələrin imkanlarının sinxronlaşdırılması və koordinasiyasını asanlaşdırmaq məqsədi daşıyacaq. Təlimlərə cəlb olunacaq qüvvələrin statusu barədə, birgə məşqlər zamanı yarana biləcək nizam-intizam və cinayət yurisdiksiyası ilə bağlı məsələlər NATO standartlarına uyğun olaraq tənzimlənəcək. Sənəddə Azərbaycan, Türkiyə və Gürcüstan arasında həmin Anlaşma Memorandumu çərçivəsində məxfi məlumatları mübadilə edə biləcəyi göstərilir.Memorandumun qüvvədə olma müddəti 1 il göstərilir, bu müddət bitəcəyi təqdirdə tərəflərdən biri sənədin ləğvi barədə yazılı bildiriş göndərməsə, həmin zaman sonrakı bir il müddətinə qədər uzadılır. Təlimlər sənədə imza atan ölkələrin hər birinin ərazisində keçirilə bilər.

Tərəflər arasında imzalanan sənədi “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, müzakirələrin Şuşada keçirilməsi xüsusi önəm kəsb edir:

“Cənubi Qafqazdakı yeni gerçəklik Azərbaycanla Türkiyə qarşısında yeni çağırış qoyur, bu, Gürcüstanın təhlükəsizlik zolağına çəkilməsidir. Bu məsələdə ən aktiv oyunçu Türkiyədir, Azərbaycan da ona yardımçı olur və Tbilisinin başı üzərindəki qara tüstünü dağıtmaq hədəflənir. Xüsusi təyinatlıların birgə təlimi də həmin məqsədlərin tərkib hissəsidir, sənədin parlamentin müvafiq komitələri tərəfindən Şuşada müzakirə edilməsi isə simvolik mesaj daşıyır”.

Ekspert Anlaşma Memorandumu çərçivəsində keçiriləcək təlimlərin detallarından söz açıb:

“Azərbaycan, Türkiyə, Gürcüstan xüsusi təyinatlılarının əvvəllər də birgə təlimləri olub. Amma sənədin indi müzakirəyə çıxarılması adi prosedur qaydasının sərhədlərindən kənara çıxır və gələcək hədəflər üçün konturları cızır. Təlimlər regionda üç ölkənin xüsusi təyinatlı qüvvələrinin imkanlarını sinxronlaşdırılacaq və koordinasiyasını asanlaşdıracaq. Sənədin mətni də bu arqumenti gücləndirir”.

A.Kərimovun sözlərinə görə, diqqət çəkən digər məqam isə birgə məşqlərin NATO standartlarına uyğun təşkil ediləcəyidir: “Bu isə regionda ordunun  NATO standartlarına keçid etməsinə ismarışdır.

Sənəddə Azərbaycan, Türkiyə və Gürcüstan arasında həmin Anlaşma Memorandumu çərçivəsində məxfi məlumatları mübadilə edə biləcəyi göstərilir. Bu vacib detaldır.Bu, tərəflərdən birinə təhlükə yarana biləcəyi halda ona digər tərəfdaş tərəfdən məlumatın ötürülməsi anlamını da daşıyacaq”.