Parlamentarilər Şuşada: “Burada Turan Birliyinin də toplantısı keçirilsin” 

“Bu həm düşmənə göz dağı, həm də psixoloji təsir olar. Buna ciddi ehtiyac var”

Şuşada Milli Məclisin “Hüquq siyasəti  və dövlət quruculuğu” və  “Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə” komitələrinin birgə iclası keçirilib. “Qarabağ” hotelində baş tutan toplantının gündəliyinə  iki qanun layihəsi daxil edilib. 

Əvvəlcə“Azərbaycan Respublikası Hökuməti,Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.Daha sonra isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında”qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

 Türkoloq-alim,professor  Firudin Cəlilov  bu barədə “Sherg.az”a danışarkən  bildirib ki, artıq Ermənistanın Qarabağda tutduğu mövqe bütün dünyaya aydındır:

 “Ermənilərin özünü bir maşa kimi istifadə edirlər. Xatırlayırsınızsa, 2020-ci ilin mayında Azərbaycanın işğal altındakı Şuşa şəhərində separatçıların “lideri” Araik Arutunyan “andiçmə” mərasimi keçirdi. O mərasimdən sonra qondarma respublikanın “parlamentini"  Şuşaya köçürmək planlarından danışırdı. Tarixi gedişatla onun arzusu ürəyində qaldı. Araikin  nə deməsindən asılı olmayaraq zaman göstərdi ki, onlar xam xəyallarla yaşayıblar. İkinci Qarabağ savaşı hər şeyi öz yerinə qoydu. Ermənistanın arzusu ürəyində qaldı. Ümid edirəm ki, tezliklə ara-sıra məqsədli şəkildə işlətdikləri “Dağlıq Qarabağ” anlayışı da onların gözündə qalar. Məsələlərə nikbin baxmaq lazımdır”. 

F.Cəlilov diqqətə çatdırıb ki, Azərbaycanın öz torpağında iclas keçirməsi olduqca normal haldır:

“Könül istərdi ki, qısa zamanda Şuşada Turan Birliyinin toplantısı keçirilsin. Özbəkistan, Qazaxıstan,Türkiyə hamısı birlikdə orda şənliklər keçirsin. Bu həm düşmənə göz dağı, həm də psixoloji təsir olar. Buna ciddi ehtiyac var”.