Jurnalistin tənqidinə ziyalılardan CAVAB: Tələsmə, Mirşahin!

Nəvai Mətin:“Ömrünü Qarabağ mövzusuna həsr etmiş Asif Azərellinin adını çəkməyim kifayətdir”

Faiq Sücəddinov:“Zəfər” və “Şuşa” simfonik əsərlərimi dinləsinlər”

Aqşin Yenisey: ““Lev Tolsoyun “Hərb və sülh” romanı da Fransa-Rusiya müharibəsindən təxminən 56 altı  il keçəndən sonra üzə çıxıb. Hadisələrin üstündən xeyli müddət keçməlidir. Böyük ədəbiyyat nümunələri qaça-qaçla, dövlət sifarişi ilə ərsəyə gəlmir”

Əsəd Cahangir: “Mirşahinin “Vətən”poemasından xəbəri olsa idi,  öz fikirlərini bir qədər başqa şəkildə ifadə edərdi. Mirşahin ya bu faktları bilmir,  ya da bilir ciddiyə almır”


“Real TV”nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayev "Mir Şahinin vaxtı"layihəsində çıxış edərkən qələm sahiblərini sərt tənqid edib. Həmkarımız qələm sahiblərinin Vətən Müharibəsindəki qələbəmizlə bağlı əsərlər yaratmamalarından şikayətlənib:

 “Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar?Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi.Gərək üstündən xeyli keçsin,mövzu oturuşsun və s. İndiki qələbəmiz var. Özü də necə bir qələbəmiz. Dünyaya nümunə olan. Hamı bu qələbəni öyrənir, tətbiq edir. Bəs hanı bizim “den pobedimiz”?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri.Yazın, qələblmizi vəsf edin! Yazın... İnsanlar şəhid olub, əlini-qolunu, gözünü itiriblər. Azərbaycanın qalibiyyətinə layiq olmağa çalışın”. Noyabrda Qələbəmizin iki ili olacaq,amma iki əsərimiz belə yoxdur. Onu da Prezident yazmalıdır?Azərbaycanın qələbəsi heç də Lev Tolstoya “Hərb və sülh” yazdıran qələbədən əskik deyil. Əksinə artıqdır. Bəlkə əskik olan sizsiz?! Əgər belə deyilsə, sübut edin”.

 Ziyalılar M. Ağayevin təndiqi fikirləri ilə bağlı “Sherg.az” a danışıblar.  Tanınmış rəssam, şair Nəvai Mətin diqqətə çatdırıb ki, M.Ağayev yenə öz ampulasındadır:

 “Bütün sənət adamları ilə bərabər digərləri də özünə bu sual verməlidir: -  “Mən nə etmişəm?” Hər bir vətəndaş ,eləcə də,Mirşahin bunu özündən soruşmalıdır. Bizim yetərincə sənət adamlarımız, şairlər, yazıçılar, rəssamlar, bəstəkarlarımız İkinci Qarabağ  savaşında qazandığımız parlaq qələbə mövzusuna müraciət ediblər. Yəqin ki, Mirşahinin onlardan xəbəri yoxdur. O indinin özündə belə  Müslüm Moqomayevdən, Sovet İttifaqının himnindən misal çəkir”.

 Rəssam vurğulayıb ki, hazırda yüzlərlə mətbuat orqanımız var və yazılan əsərlər, bəstələnən musiqilər, ərsəyə gətirilən rəsm əsərləri həmin mətbuat orqanlarında təbliğ olunur: 

 “Ola bilsin Mirşahinə rast gəlməyib. Amma fakt budur ki, var. Onlardan elə bircə bizim xalq rəssamımız, bütün ömrünü Qarabağ mövzusuna həsr etmiş Asif Azərellinin adını çəkməyim kifayətdir. Mən Mirşahinin söylədiyi bu tənqidi fikirlərlə razılaşmıram”. 

Bəstəkar Faiq Sücəddinov hər kəsə özünün “YouTub”da yayımlanan “Zəfər” adlı simfonik poemasını dinləmələrini tövsiyə edib: 

“O televiziyada düz  altı dəfə yayımlanıb. İkinci Qarabağ qələbəsinin bir illiyinin tamamında da efirlərdə səsləndirilib. Müharibə dövründə mən iyirmidən çox mahnı, romans, vətən mövzusunda mahnılar bəstələmişəm. Hələ otuz il bundan qabaq “Vətəndən pay olmaz”ı yazmışam. Mübariz Tağıyev də ifa edib. Mahnı indi də sevilir. 44 günlük Vətən savaşı dönəmində kifayət qədər vətənpərvər ruhlu mahnılar yazılıb. Böyük bir əsərdən söhbət gedirsə, deyə bilərəm ki, noyabrın 2-də Flarmoniyada Bəstəkarlar İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük bir konsert baş tutdu. Orda bizim zəfərimizlə bağlı kifayət qədər ciddi əsərlər var idi. Deməyim odur ki, biz yazırıq”. 

Bəstəkar bu yaxında “Şuşa” simfonik əsərini yazdığını söyləyib:

 “İndi onu dinləmək lazımdır. Özüm bir-bir hər kəsin qapısını döyüb dinlə deməyəcəm ki?! 
“Youtub”da var. İnsanlarımız da bu işdə maraqlı olmalı axtarmalı, maraqlanmalıdırlar”.

Yazıçı Aqşin Yeniseyin fikrincə, vətənpərvərlik, qələbə mövzusunda böyük ciddi əsərlər müharibə yaralarının tamamilə sağalmasından sonra yazılır:

 “Lev Tolsoyun “Hərb və sülh” romanı da Fransa-Rusiya müharibəsindən təxminən 56 altı  il keçəndən sonra üzə çıxıb. Yaxud da Homerin “Troya müharibəsi”bu müharibədən 300 il sonra yazılıb. Ona görə Vətən müharibəsi haqqında da əsərlərin yazılmasına tələsmək lazım deyil. Əslində bu mövzuda əsərlər yazılıb. Görünən odur ki, Mirşahinin onlardan xəbəri yoxdur. İkinci Qarabağ  müharibəsindəki qələbədən sonra ölkəmizdə bu qələbəyə həsr olunmuş bir milyon kitab çıxıb. Təkcə Şuşa haqqında 15-dən çox kitabın təqdimatından hazırlanmış reportaja baxmışam. Onların arasında gündəmə hesablanan,ötəri emosiyaları əks etdirənlər də olub. Niyə indi bizdə “Hərb və sülh” səviyyəsində əsərlər yazılmır?-,deyə sual verənlər başa düşməlidirlər ki, bunun üçün yazıçılara, ədəbiyyatın özünə vaxt lazımdır. Hadisələrin üstündən xeyli müddət keçməlidir. Böyük ədəbiyyat nümunələri qaça-qaçla, dövlət sifarişi ilə ərsəyə gəlmir. Bu ümumilli mövzudur. Dünyanın hər yerində bu cür mövzularda əsərlərin yazılması üçün dövlət hansısa ictimai təşkilatlar hətta partiyalar belə yazıçılara dəstək verir”. 

A.Yeniseyin qənaətincə, ümumilli mövzuların ortaya çıxmasında dövlətin, hökumətin, eləcə də, Mirşahinin özünün rəhbəri olduğu televiziya kanalının da marağı olmalıdır:

 “Onlar bu mövzulara müraciət etmək istəyən yazıçıları tapıb, onların müəyyən kommunal xərclərini öhdəliyinə götürsünlər ki, həmin yazıçılar da oturub geniş zamanda əsər yazsın. Azərbaycanın bugünkü gənc yazıçısının buna zamanı yoxdur. Xalq yazçılarımız isə artıq qocalıb və tükənib, son iyirmi ildir ki, heç nə yaza bilmirlər. Onlardan yeni əsər tələb eləmək isə tamamilə reallıqdan uzaq düşüncədir”.

Ədəbi tənqidçi Əsəd Cahangir isə özünün Mirşahin Ağayevin Azərbaycan jurnalistikasında gördüyü işləri böyük qiymətləndirdiyini, ondan da qələm əhlinə qarşı eyni münasibəti gözlədiyini deyib: 

“Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyində, Azərbaycan Elmlər Akademiyasının Dilçilik və Tarix İnstutlarında və digər yerlərdə bizim görkəmli şairimiz Ramiz Qusarçaylının 7500 misradan ibarət “Vətən”poemasının təqdimatı keçirilib. Orda Azərbaycan tarixi Azıx mağarasından tutmuş Qarabağ savaşına qədər mövzular yer alıb. Mən və bəzi alimlərimiz Ramiz müəllim haqqında məqalə yazmışıq. AYB-də bu yaxınlarda “Qarabağ dastanı” adlı iki hissədən ibarət  kitab hazırlandı. Burda müxtəlif yazıçıların esseləri məqalələri toplanıb. Birinci hissədə zəfərdən öncəki, ikinci hissədə isə zəfərdən sonrakı yazılar yer alıb. Bizim şairimiz Qulu Ağsəsin Qarabağ xatirələri ilə bağlı şeirlərinə İtaliyada musiqi bəstələnib. Hələ sadaladıqlarım bu istiqamətdə görülən işlərin çox az bir qismidir. Əgər Mirşahinin “Vətən”poemasından xəbəri olsa idi,  öz fikirlərini bir qədər başqa şəkildə ifadə edərdi. Mirşahin ya bu faktları bilmir,  ya da bilir ciddiyə almır”.