Prezidentin çıxışındakı mühüm hədəflər: Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq - TƏHLİL

Aprelin 12-də Azərbaycan  Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.Müşavirə zamanı ölkə başçımız iqtisadi göstəricilərimiz,sosial-iqtisadi yekunlar,inflyasiya, ərzaq ehtiyatlarımız və s.məsələlərə toxunub. Analitik Aqşin Kərimov Prezidentin müşavirədəki çıxışının hərbi-siyasi aspetkərini “Sherg.az”a şərh edib: 

“İlham Əliyevin müşavirədəki çıxışı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə dair praqmatik təkliflər üzərində qurulub və ATƏT kimi təşkilatların bu məsələdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi barədə çağırışlardan ibarətdir.Prezidentin çıxışından  bir daha aydın oldu ki,artıq ATƏT də, eonun mandat verdiyi Minsk Qrupu da Azərbaycanın Ermənistan üzərindəki qələbədən sonra yaratdığı reallığı qəbul edib. Azərbaycan-Ermənistan əlaqələrinin yaranması üçün ali səviyyədə verilən bəyanatlarda münaqişənin bitdiyi vurğulanır və “Dağlıq Qarabağ” ifadəsinə yer verilmir.ATƏT bundan sonra konstruktiv mövqe ilə Azərbaycan-Ermənistan münasibətinin normallaşmasına töhfə verə bilər.Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipini qəbul edib.İndi Ermənistanın təcriddən çıxması və inkişafı,Azərbaycan və Türkiyə ilə əlaqələri beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır.Bundan sonrakı proseslərin müsbət məcrada inkişafı həmin bu zəminlər üzərində inkişaf etməlidir,əks təqdirdə  Azərbaycan yenidən başqa təzyiq formullarını işə salacaq”. 

Siyasi şərhçi diqqətə çatdırıb ki,hazırda ATƏT-in Minsk Qrupunun de-fakto olaraq etibarsızlığı və yararsız olması onun hüquqi əsasını da sual altına qoyur:

“Bu mənada ya həmsədrlər  Azərbaycanın təklif etdiyi prinsipləri əllərində rəhbər tutaraq çəkici eyni nöqtəyə vurmalıdır, ya da özlərini bu format çərçivəsində prosesdən kənarda tutmalıdır. ATƏT-in Minsk Qrupunun qərəzli yanaşmalarla fəaliyyətini Rusiyanın xarici işlər naziri Sergey Lavrov da etiraf edib.Bu isə çürümüş həmsədrlik institutunun formatında dəyişikliyi aktual edir.Bunun üçün ya həmsədrlik institutu özünün buraxıldığını elan etməli, ya da həmsədrlik kreslosunda əyləşən dövlətləri daha etibarlı dövlətlər əvəz etməlidir. Nəzərə alaq ki, Minsk Qrupunun 11 üzvü var onun tərkibindəki Türkiyə və Almaniyanın həmsədrliyə gəlməsi daha praqmatik olardı. Yəqin ki, kulislərdə bu cür müzakirələr gedir. Reallaşması çətin məsələ olsa da, mümkünsüz deyil”. 

A.Kərimovun sözlərinə görə, Azərbaycan Ermənistanın növbəti dəfə qeyri-konstruktiv fazaya keçəcəyi risklərini hesablayır və yeni dünya nizamı yaradılması istiqamətində aparılan amansız mübarizədə özünün müdafiə qabiliyyətini artırır:

“Bunu postmünaqişə reallığının çərçivəsinin də fövqünə çıxarır.Prezidentin müşavirədə Azərbaycanın hərbi potensialına da diqqət çəkməsi həmin mesajı özündə cəmləşdirir və perspektiv istiqamətləri göstərir. Bu perspektivdə Azərbaycanın başqa ölkələrlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi xətti dayanır, bu isə ölkəyə ən müasir silah və texnikaların idxalının davam etdirilməsini qaçılmaz edir. Hərbi yöndəki digər istiqamət Azərbaycan ordusunun Türkiyə modelinə keçididir. Bunun tərkib hissələrindən biri də xüsusi təyinatlı qüvvələrinin daha da təkmilləşdirilməsi və komando hərbi birliklərinin sayının çoxalmasıdır. Azərbaycan ildən-ilə komando hərbi hissələrinin sayını artıracaq - İlham Əliyevin çıxışındakı bu məqamı Azərbaycanın müdafiə və təhlükəsizliyi üçün böyük işlər görüləcəyinin anonsu kimi qiymətləndirə bilərik. Artıq minlərlə komando tam hazırlıqlı döyüşçü kimi hazırlanıb və hazırlanacaq. Bununla paralel olaraq xüsusi təyinatlı qüvvələrin şəxsi heyətinin sayının artırılması hərbi məqsədlərdə dayanan hədəflərdəndir. Komando hərbi birlikləri mümkün düşmənin taktiki, xüsusi təyinatlı qüvvələr isə strateji dərinliyinə sızmaq əməliyyatlarını icra edirlər. Hər hansı döyüş şəraitində isə fəaliyyət koordinasiya edilir”.

 Analitik düşünür ki,ölkə başçımız müşavirədə Ermənistanın silahlanma ehtimalı ilə bağlı danışarkən iki mesaj vermək istəyib: 

“Əvvəla Azərbaycan Ermənistana yön alaraq silah daşıyan bütün silah trafiklərinə nəzarət edəcək (əvvəl də belə idi). Daha sonra Ermənistanı silahlandıran ölkə Azərbaycanın dostu ola bilməz.Ermənistan ordusunu silahla qidalandıran ölkələr isə münaqişə təcrübəsindən bizə bəllidir.Ona görə də İlham  Əliyev bununla Rusiyaya, eləcə də, İrana mesaj ötürür. Prezident çıxış zamanı, eyni zamanda,bu yaxınlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində baş verən hadisələrə, Azərbaycanın Xankəndinə qazın verilişini bərpa etməsinə diqqət çəkib: “Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? 

Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar”. Bu sitat gələcəkdə Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq deməkdir !”