Səməd Seyidov:“Tərəflər yekun sülhün imzalanmasında maraqlıdır” 

"Biz uzun illər sonra tərəflərin XİN başçılarının ilk dəfə telefonla danışmasının şahidi olduq”

“Bu Ermənistan tərəfindən yekun sülhlə bağlı müsbət siqnaldır" 


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində hazırkı Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. O bildirib ki, Birgə Sərhəd Komissiyasının yaradılması,Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır:"Biz prosesləri dəstəkləyirik.Türkiyədə görüş keçirilməsinin nə ziyanı var? Üçüncü ölkəyə nə ehtiyac var? Tərəflər daha cəsarətli davranmalıdırlar”. 

Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu barədə "Sherg.az"a danışarkən diqqətə çatdırıb ki, Ermənistanla münasibətlərin normallaşması məsələsində Türkiyə və Azərbaycanın mövqeyi hər zaman üst-üstə düşüb:

 "Hazırda regionda ən aparıcı dövlətlər Azərbaycan və Türkiyədir. Hər iki dövlətin Ermənistanla yekun sülh imzalanmasını eyni planla gündəmə çıxarması o deməkdir ki, indi Ermənistan dövlət kimi öz müqəddəratını qoruyub-saxlamaq üçün bu sülh müqaviləsini imzalamalıdır. Ona görə ki, Ermənistanın regionda başqa inkişaf yolu yoxdur". 

Millət vəkilinin fikrincə, Türkiyə və Azərbaycan qədər dünya ictimaiyyəti də tərəflər arasında yekun sülhün imzalanmasında maraqlıdır: 

"Avropa Birliyi və bütün mütərəqqi beynəlxalq ictimaiyyət regionda Azərbaycanın yaratdığı reallığa əsasən , rəsmi Bakının təklif etdiyi şərtlər əsasında bu sülhün imzalanmasına tərəfdardır. Əminəm ki, belə də olacaq" .
S.Seyidov aprelin 11-də Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutan telefon danışığına diqqət çəkib:
"Biz uzun illər sonra tərəflərin XİN başçılarının ilk dəfə telefonla danışmasının şahidi olduq. Bu Ermənistan tərəfindən yekun sülhlə bağlı müsbət siqnaldır". 

Millət vəkili Türkiyə XİN başçısının sülhələ bağlı təkliflərinə toxunub: 

"Bütün prosesdə Türkiyə bizim üçün ən vacib və ən əhəmiyyətli dostdur.Rəsmi Ankaranın yekun sülhlə bağlı təkliflərini də biz hər zaman diqqətlə nəzərdən keçiririk. Sülhün bərqərar olması üçün edilən müsbət təklifləri Azərbaycan hər zaman dəyərləndirib".