Asta sür maşını amandı, QAZİ! –“...Niyə əziyyət çəkib döyüşlərə gedirdin?” 

Gəncədə toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi pozan sürücülər saxlanılıblar.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki,bir qrup gənc özlərinə məxsus müxtəlif markalı avtomobillərlə toy karvanında dövlət qeydiyyat nişanı olmadan,çoxavazlı səs siqnallarından və qanunla qadağan edilmiş sayrışan işıqlardan istifadə edərək yollarda intizamsızlıq edib.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq gənclər həmin görüntüləri sosial şəbəkələrdə paylaşıb.Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən həmin şəxslərin bir qisminin kimliyi müəyyən olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.Təəssüf doğuran məqamlardan biri isə onların arasında Vətən müharibəsi qazilərinin olmasıdır.Hazırda digər şəxslərin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

 Qarabağ qazisi Natiq Mehdiyev  məlum hadisədə iştirak edən qazilərlərlə bağlı “Sherg.az”a danışıb: 

“İkinci Qarabağ savaşından sonra son zamanlar belə hallar daha da çoxalıb. Bir qrup şəxs var avtoxuliqanlıq və ya digər qeyr-etik hərəkətlər etdikdən sonra dönüb deyir ki, mən vətən müharibəsi qazisiyəm . Əgər sən müharibədə iştirak edib öz həmvətənlərini ermənidən qoruyub gəlib burda avtoşluq edib özün onları öldürəcəkdinsə  niyə əziyyət çəkib döyüşlərə gedirdin?”.

N.Mehtiyev diqqətə çatdırıb ki,bütün qazilər bizim başımızın tacıdır və onlara hörmətimiz sonsuzdur. Amma bu cür əməllərdən çəkinsələr daha hörmətli olarlar: 

“Qazilər arasında bir qrup belə əməllər törətdikcə digərlərini də gözdən salırlar. Axı belə olmaz.Qoy həmin adamlar gedib bizim yaxşı tanınmış döyüşçülərimizdən ibrət götürsünlər. 

İstər Birinci istərsə də İkinci Qarabağ müharibəsində kifayət qədər örnək götürüləsi döyüşçümüz var.

Baxın indiyə qədər  Xüsusi Təyinatlıların bir nəfər qazisi belə bu cür problemlə işıqlandırılmayıb. Çünki onlarda mədəniyyət, əsl hərbçi qanı var. Onlar kimi qoruduqlarını yaxşı bilirlər. Bu gündə gəlib həmin adamların qulluğunda dururlar.

  Qoy həmin qazilər yaxşılardan nümunə götürsünlər. Belə hallara rast gəldikcə insan xəcalət çəkir”.