Baş Qərargah rəisi Kəlbəcərdə! - "Döyüş tapşırıqları incələnəcək”

“Azərbaycan tərəfinin düşmənə verə biləcəyi cavab tərdbirləri ilə bağlı göstərişlər veriləcək”

“Hər hansısa anti-terror əməliyyatlarına zərurət yarandıqda ordumuz bunu çox qısa bir zamanda və yüksək peşəkarlıqla icra edəcək”

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb. Baş Qərargah rəisi dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşərək onun qayğıları ilə maraqlanıb, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, gələcək xidmətlərində uğurlar arzulayıb.O Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Sonda müasir ümumqoşun döyüşünün aparılması üsulları nəzərə alınmaqla bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişləri aidiyyəti üzrə şəxsi heyətə çatdırılıb.

Baş Qərargah rəisinin addımını dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev  “Sherg.az”a bildirib ki, buna planlı və plandan kənar tədbirlərin bir hissəsi kimi baxılmalıdır: 

“Son günlər Kəlbəcər istiqamətində işğalçı erməni silahlı bölmələri həmin istiqamətdəki bölmələrimizə qarşı fəaliyyət göstərir. Xüsusilə də, Basarkeçər rayonunun Böyükkölgə ərazisindəki mövqelərdən  atəş açırlar.  Bu, bir daha onu göstərir ki, Azərbaycan  tərəfi onlara daha təsirli cavab verməyə məcburdur. Böyük ehtimalla müdafiə nazirinin birinci müavini rəhbər heyətlə birgə orda geniştərkibli bir toplantı keçirəcək. Döyüş tapşırıqları incələnəcək  və  Azərbaycan tərəfinin düşmənə verə biləcəyi cavab tərdbirləri ilə bağlı göstərişlər veriləcək”.

Hərbi ekspert diqqətə çatdırıb ki, hər hansısa anti-terror əməliyyatlarına zərurət yarandıqda ordumuz bunu çox qısa bir zamanda və yüksək peşəkarlıqla icra edəcək:

“Hazırkı durumda Ermənistan tərəfi Azərbaycan müdafiə nazirinin birinci müavininin məhz Kəlbəcər istiqamətinə  səfər etməsinin təsadüfü olmadığını  başa düşməlidir”.