Film kimi olay! – Paytaxt sakinini oğurlayıb, 500 manat tələb etdilər – Polis ayıq-sayıqdı!

Bakıda film kimi hadisə yaşanıb. Belə ki, DİN-in verdiyi məlumata görə, Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub. Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb və araşdırmalar aparılır.


Hadisəyə münasibət bildirən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev  “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu elə bir cinayət növüdür ki, hər zaman baş verə bilər:

“Bu tip hadisələr təkcə Azərbaycan üçün xarakteristik deyil. Dünyanın əksər ölkəsində yaşanır. Ölkəmizdə adam oğurluğu cinayətləri, xüsusilə də bu formatda  geniş yayılmasa da, baş verir. Nəzərə alsaq ki, bu hadisəni həyata keçirənlərdən biri  vaxtilə məhkum olmuş şəxsdir, onun əvvəl hansı cinayətləri törətdiyinə baxmaq lazımdır. Yəqin ki, bu və ya digər formada o, oğurluq cinayətlərilə məşğul olub.

Digər tərəfdən tələb edilən məbləğə baxsaq, çox qəribə situasiya yaranır. Niyə az məbləğ tələb olunub? Çünki bu çox ağır cinayətdir. Belə cinayət əməlinə əl atmış şəxslər adətən, yüksək məbləğ tələb edir”.

Hadisənin başvermə səbəbələrinə toxunan ekspert söyləyib ki, bu tip cinayətlər, əsasən,  sosial və iqtisadi zəmində gerçəkləşir:

“Görünən odur ki, bu hadisədə iqtisadi səbəblər olub. Çünki bu addım fayda əldə etmək məqsədi daşıyır. Həmçinin öncədən də cinayət işləmiş şəxsdir. O, hələ vərdişlərini unutmayıb. Çünki bu şəxslər müəyyən müddətdə ictimai işlərlə məşğul olmursa, onlarda qısa müddətli gəlirlər əldə etmək həvəsi qalır. Bu zaman onlar bütün yollara əl atmağa çalışırlar. Bunun sonu yeni cinayət törəməyə qədər də gedə bilir.

İstintaq orqanları məsələni araşdırıb bütün səbəb və motivləri müəyyənləşdirəcəklər. Həmin şəxsə ağır cəza verilə bilər. Hələlik gələcəkdə məhkəmə perspektivi olub - olmaması məsələsini gözləyək. Əgər məhkəmədə sübut olunarsa, ağır cəza ilə nəticələnəcək”.        

Ə.Nuriyev hadisəni törədən şəxslərin qısa zaman ərzində saxlanılmasına da diqqət çəkib. O deyib ki,  bu, dövlət orqanlarımızın peşəkarlığından xəbər verir:      
           
“Çox yaxşı haldır ki, qısa müddət çərçivəsində polisimiz tərəfindən həmin şəxslər yaxalandı. Burada polisimiz yüksək peşəkarlıq nümayiş etdirdi. Bu da hüquq-mühafizə orqanlarının cinayət hadisələrinə cəld və sürətli münasibətini  göstərir.  Ümumilkdə, hər hansı bir cinayət hadisəsi baş verirsə,  polis və hüquq-mühafizə orqanları adekvat həmlələr edərək, tez bir zamanda cinayətin isti izlərlə aşkar edilməsinə çalışır. İnsanlarımız bilməlidir ki, dövlət qurumları, hüquq-mühafizə orqanları peşakarlıqla işləyir, onların həyatına, əmlakına qarşı baş  verəcək qəsdlərin qarşısını alır”.