“Azərbaycan diasporu ciddi inkişaf yolu keçib”

Dünya azərbaycanlılarının təşkilatlanması  və diaspor quruculuğunda ümummilli lider Heydərə Əliyevin rolu əvəzolunmazdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb.  5 iyul 2002-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

 Bu il Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik yubileyi tamam olur.

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Azərbaycan Diasporuna Dəstək Fondu bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib.

Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə də xüsusi diqqət yetirilir.

Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışılıb. Bu istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli həyata keçirilib.

 Disaporamızın 20 illik fəaliyyəti ilə bağlı “Sherg.az”a danışan “Diaspor” Jurnalistlər Birliyinin sədr müavini, jurnalist Əli Zülfüqaroğlu bildirib ki,  Azərbaycan diasporu yarandığı ilk gündən bu günə qədər ciddi inkişaf yolu keçib:

“Təbii ki, diaspor sahəsi Azərbaycan kimi ölkələr üçün xüsusi önəm daşıyır. Çünki bizim uzun illər Qarabağ problemimiz olub. Erməni lobbisi Azərbaycanla bağlı dünya mediasında yanlış təsəvvürlər formalaşdırmışdı. Ona görə də bizim erməni lobbisinə qarşı mübarizədə başlıca faktor öz diasporumuz idi. Azərbaycan diasporunun güclü olması bizim üçün çox vacibdir. Bu istiqamətdə 20 il ərzində bir çox irəliləyişlər olub. Müxtəlif adddımlar atılıb. Təşkilatlanma əvvəlki dönəmlərə nisbətən daha yaxşıdır. Amma demək istəyirəm ki, hələ görəcəyimiz çox iş var. Xüsusilə, Azərbaycan diasporunun yerli cəmiyyətlərə inteqrasiyasında problemlər müşahidə olunur. Bu da Azərbaycanın diaspora fəaliyyəti üçün başlıca əngəllərdən biridir”.

Ə. Zülfüqaroğlunun sözlərinə görə, bizim əsas ümidimiz 2 və 3-cü nəsil Azərbaycan diasporudur:

“ İkinci nəsil artıq formalaşıb. Avropada doğulan, orada təhsil alan azərbaycanlılar kifayət qədərdir. Buna görə də diasporumuzun əsas ümidi onlardır. Bunun üçün onlar ilk növbədə ana dilini bilməlidir. Eyni zamanda, Azərbaycan tarixini, mədəniyyətini, köklərini dərindən mənimsəməlidirlər. Belə olan təqdirdə həmin gəncləri Azərbaycan diasporuna qazandıracayıq və ölkəmiz onların potensialından yararlana biləcək. Üçüncü nəsil isə hələ kiçikdir. Bu nəsili azyaşlılar təşkil edir. Ona görə biz ikinci nəsil Azərbaycan diasporunun üstündə dayanmalıyıq. Ümid edirəm ki, bu istiqamətdə ciddi addımlar atılacaq, effektiv layihələr həyata keçiriləcək”.