“Xaricdə yaşayan azərbaycanlılar birlikdə hərəkət edə bilirlər”

Dünya azərbaycanlılarının təşkilatlanması  və diaspor quruculuğunda ümummilli lider Heydərə Əliyevin rolu əvəzolunmazdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb.  

5 iyul 2002-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu il Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik yubileyi tamam olur. Xatırladaq ki, Prezident İlham Əliyevin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Azərbaycan Diasporuna Dəstək Fondu bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib. Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə də xüsusi diqqət yetirilir. Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışılıb. Bu istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli həyata keçirilib.

Disporamızın bu günə qədərki fəaliyyətini Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi “Sherg.az”a dəyərləndirib. O, qeyd edib ki,   Avropada yaşayan Azərbaycan kökənli insanlar hələ bəhs etdiyiniz komitə yaranmazdan öncə diaspor fəaliyyəti ilə məşğul olub və Azərbaycanın haqq səsini  dünyaya çatdırmağa çalışıb:

“Bəlkə bu qeyri-təvazökarlıq kimi səslənə bilər. Amma bununla demək istəyirəm ki, Diasporla İş Üzrə Komitənin yaranma tarixi bizim üçün də bayram əhvalı deməkdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Komitənin yaradılması sözsüz ki, böyük amallar, məqsədlər üçün idi. Məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan insanların qayğıları ilə maraqlanmaq, onların birliyinə nail olmaq, təşkilatlanmasına yardım etmək idi.  Deyə bilərəm ki, ilk illərdə bu istiqamətdə çox faydalı işlər görüldü.  Komitə əməkdaşları yerlərdəki təşkilatlar vasitəsilə soydaşlarımızla maraqlanmağa, onları təşkilatlandırmağa çalışdı. Vaxtaşırı tədbirlər keçirdir, milli adət-ənələrimizi qorumağa,  bu istiqamətdə daha faydalı işlər görməyə çalışırdıq.

 Təbii ki, Azərbaycanın  haqq səsini dünyaya çatdırmaq da fəaliyyətlərimizin önündə idi. Bütün bu işlərdə də diaspor komitəsi mümkün qədər dəstək göstərməyə çalışır, yaxından maraqlanırdı. Təəssüf ki, komitənin son dövrlərdəki fəaliyyəti barədə bunları deyə bilməyəcəm. Son illərdə komitə xaricdəki insanları sanki iki yerə bölüb: doğma və yad adamlara. Özləri işlədikləri adamlara, təşkilatlara doğma, digərlərinə isə ögey münasibət  sərgiləyirlər. Hər halda mən belə düşünürəm. Bütün bunlar isə soydaşlarımız arasında incikliyə səbəb olur. Amma hər şeyə rəğmən xaricdə yaşayan bizlər lazım olan  məqamlarda  umu-küsünü bir kənara qoyub birlikdə hərəkət edə bilirik.  Son Qarabağ müharibəsində görülmüş işlər bunun bariz nümunəsidir.  

Bu gün sözünü etdiyimiz komitənin bayramıdır və istəmirəm ki, fikrimi tənqidi notlar üzərində bitirim.  Komitənin bütün işçilərini təbrik edir, gələcək işlərində uğurlar diləyirəm. Ümid edirəm ki, qarşıdakı illərdə komitə üzərinə düşən işlərin öhdəsindən daha layiqincə gələcək”.