Urmiya gölü quruyur! – “Bu fəlakəti İran hökuməti və onu yönləndirən molla rejimi...”

“Bu gölün quruması torpaqların suvarılmamasına və şoranlaşmasına gətirib çıxarır”

“Bununla da yerli əhali köç etməyə məcbur qalacaq”


Qərbi Azərbaycan vilayətinin paytaxtı olan Urmiya şəhərinin yaxınlığında yerləşən Urmiya gölü son 30 il ərzində su ehtiyatının 95 fazini itirib. Bildirilir ki, İran parlamenti 9 il əvvəl gölün dirçəldilməsi üçün yaradılan kömitənin araşdırılmasına səs verib. Xatırladaq ki, göl və onun sahil ətrafı milli park sayılır və UNESCO tərəfindən biosfer qoruğu kimi tanınıb. Hadisə ilə bağlı İranda Cənubi Azərbaycanlı soydaşlarımız aksiya keçiriblər. Onlar iddia edirlər ki, gölün suyunun qurudulması İran hökuməti tərəfindən qərəzli şəkildə aparılır. Mitinqlər nəticəsində bir neçə soydaşımız həbs edilib.

Gölün suyunun qurumasının humanitar faciə olduğunu deyən politoluq Natiq Miri "Sherg.az"a bildirib ki, bu fəlakətin səbəbi İran hökuməti və onu yönləndirən molla rejimidir:

  "Urmiya gölünün qurudulması İran hökümətinin xeyrinə olduğu üçün qəsdən gözardı edilib. Ona görə ki, bu gölün quruması torpaqların suvarılmamasına və şoranlaşmasına gətirib çıxarır. Bununla da yerli əhali köç etməyə məcbur qalacaq. Nəzərə alsaq ki,bu ərazidə yaşayan əsas dominant xalq Azərbaycan türkləridir. Bu cəhətdən düşünürəm ki, gölün quruması dövlət tərəfindən aparılan siyasətdir və eyni zamanda İran hakimiyyətinin ölkədə olan məsələlərə yetərsiz olduğu gerçəyini ortaya qoyur. Urmiya gölünün qurudulması xalq şovinizminə xidmət etsə də, təbiətə yönəlmiş hadisədir. Buradan yaranan fəsadlardan təkcə Azərbaycan türkləri deyil, eyni zamanda İranda yaşayan bütün xalqlar zərər görəcək. İranda baş verən bu hadisələr faciəvi hal alıb. Urmiya gölünün quruması  burada yaşayan soydaşlarımızın İrandan miqrasiya etməsinə gətirib çıxara bilər".