"AMEA-nı tam ləğv etmək yox, onu başqa prinsiplər əsasında qurmaq lazımdı"

Azərbaycan Milli Elmlər Akedemiyası (AMEA) son günlər yenidən müzakirə predmetinə çevrilib. Xüsusilə AzTv-nin qurum haqqında hazırladığı reportajdan sonra cəmiyyətdə AMEA-nın ləğvini tələb edənlərin sayı artıb. Əksər insanın fikrinə görə, sözügedən qurumun fəaliyyəti sıfıra bərabərdir.  Bir qisim insanın fikirincə isə bu təşkilat Təhsil Nazirliyinə birləşdirilməlidir.

Təhsil üzrə ekspert Rafiq İsmayilov qocaman elm ocağının taleyi ilə bağlı öz düşüncələrini “Sherg.az”a danışıb. O, hesab edir ki, AMEA-nı tam ləğv etmək lazım deyil:

“Ümumiyyətlə, AMEA Sovet dövrünün sevilən prinsiplərinə uyğun yaranmış bir qurumdur və hələ də o dövrdə qalıb. Təəssüf ki, orada bəzi institutlar effektli işləmir. Vaxtilə mən də orada işləmişəm, iş prinsipini bilirəm. Bu qurumun əsas işi elmi araşdırmalar aparmaq, iqtisadiyyata yardım etməkdir. Ancaq Akademiyanın bir çox institutları real iqtisadiyyatdan uzaq  işlərlə məşğuldur. Düşünürəm ki, AMEA-nı tam ləğv etmək yox, onu başqa prinsiplər əsasında qurmaq lazımdır. Yəni, o, təhsilə yardım edən, effektiv, cəmiyyət  üçün lazım olan işlərlə məşğul olan quruma çevrilməlidir. Güman edirəm ki, birdən-birə ləğvdən söhbət gedə bilməz. Heç kim də bunu etməz. Yəqin ki, bəzi institutların universitet nəzdinə keçməsi kimi transformasiyalar baş verə bilər. Ancaq indiki şəraitdə qurumun o cür işləməsi qaneedici deyil”.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birləşdirilməsi haqqında təklifə münasibət bildirib. Nazir deyib ki, ayrı-ayrı ölkələrin bununla bağlı fərqli təcrübələri var:

“Bəzi ölkələrdə struktur Elm və Təhsil Nazirliyi olaraq fəaliyyət göstərir. Azərbaycandakı mövcud təcrübə haqqında sualın cavabı məndə deyil. Bu, icra hakimiyyətinin səlahiyyətində olan məsələdir”