Ekspert xalqa SƏSLƏNDİ:“Müdafiə Nazirliyinin çağırışına həssaslıqla yanaşsınlar”



Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb.Nazirliyin feysbuk səhifəsində yayılan məlumatında qeyd olunub: 
“Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq”.

Məlum müraciətlə bağlı “Sherg.az”a danışan, hərbi  məsələlər üzrə ekspert, əməkdar jurnalist İbrahim  Rüstəmli bildirib ki, istər sosial şəbəkə istifadəçiləri, istərsə də media nümayəndələri Müdafiə Nazirliyinin  çağırışına diqqətlə yanaşmalıdırlar:


“Burda təkcə hərbi əməliyyatlardan deyil, əsgər və zabitlərimizin həyatından söhbət gedir. İstənilən yanlış addım düşmən üçün mesaj rolunu oyanya bilər ki, bu da əsgər və zabitlərimizin həyatı üçün ciddi təhlükə yaradar. İnformasiya məsələsində diqqətli olmalıyıq”. 

Ekspert İkinci Qarabağ savaşında həyata keçirilən informasiya siyasətinə diqqət çəkib: 

“Bu savaşda qalib gəlməyimizin səbəblərindən biri də məhz informasiya resurslarının vahid mərkəzdən idarə olunması idi. Ona görə də mən üzümü sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə tutub demək istəyirəm ki, Müdafiə Nazirliyinin çağırışına həssaslıqla yanaşsınlar. Dövlətimiz son bir neçə dönəmdə istər Cənubi Qafqazda, istərsə də beynəlxalq aləmdə siyasi, iqtisadi və hərbi gücünü göstərib. 44 günlük İkinci Qarabağ savaşında da dövlət olaraq necə böyük gücə sahib olduğunu  nümayiş etdirib”. 

İ.Rüstəmli özünün də bəzi sosial media istifadəçilərindən tez-tez “Müharibə olacaq, antiterror əməliyyatları başlayacaq” kimi fikirlər eşitidiyini diqqətə çatdırıb. Onun qənaətincə,bu fikirlər əsassızdır və sadəcə olaraq cəmiyyətdə ajiotaj,fikir ayrılıqları yaratmağa xidmət edir:

 “Mən də öz adıma informasiyaya aidiyyəti olan hər kəsin belə məsələlərdə ciddi və  həssas olmasını istəyirəm”.