Hərbi hissədən paylaşılan foto, video bir ünvan deməkdir” – OLMAZ !

“Düşmən tərəf bunu görür, məlumatları əldə edir”

“Belə olduqda isə siz hərbçi dostlarınız ölümünə səbəb ola bilərsiz”


“TikTok”da canlı yayım açan hərbçilər ordudan xaric edilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Məlumatda bildirilib ki,Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib: “Bildiririk ki,ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir”,-qeyd edilib.

Hərbi-siyasi ekspert Həşim Səhrablı sözügedən hərbçilərin ordudan azad edilməsi ilə bağlı  “Sherg.az”a danışıb: 

“Hərbi hissələrdə smartfonların istifadəsi qadağandır. Hazırkı hadisədə smartfondan qeyri-qanuni yolla istifadə ediblər. Buna görə də həmin çavuş və əsgər lazımi qaydada məsuliyyətə cəlb olunub. İndiki vaxtda hərbi hissələrdə belə halların qarşısını çox sərt şəkildə almaq olmaz. Çünki bizim cəmiyyət bunu yaxşı qarşılamır. Cəmiyyət bəzən bir çox məsələlərin fərqində olmur. Sıradan insanlarımıza bunun qanunun pozuntusu olduğu üçün həmin şəxslərin cəzalandırılıdığını izah edə bilməyəcəyik. Onlar arasında bu məsələlər fərqli məsələlərlə əlaqələndiriləcək. Amma incə bir yol tapmaqla məsəl üçün hərbi hissələrdə nəzarəti artırmaqla bu istiqamətdə müsbət nələrəsə nail olmaq  olar”.  

H.Səhrablının qənaətincə, əsgərlərə hansısa inzibati cəza verməzdən öncə onlarla maarifləndirmə işi aparılsa, daha yaxşı olar: 

“Hərbçilərimizin böyük əksəriyyəti təhsil cəhətdən o qədər də savadlı sayılmaz. Onlara maarifləndirmə yolu ilə bu prosesləri izah etmək lazımdır ki, sizin paylaşdığınız hansısa foto, video bir ünvandır. Düşmən tərəf bunu görür, məlumatları əldə edir. Belə olduqda isə siz hərbçi dostlarınız ölümünə səbəb ola bilərsiz. Əgər bu  üsul da mövcud problemi həll etməyəcəksə, o zaman daha ağır cəzalar haqda düşünməyə dəyər”.