Təxribatlara son qoyulacaq! – “...Bayrağımız Xankəndidə dalğalanacaq”

“Söz vermişdilər ki, iyulun axırana kimi erməni silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılacaq. İyul ayı bitdi, bizsə bunun əksini gördük. İndi proses başlayıb”

“Biz öz ərazimizi razı olsanız da, olmasanız da həmin ünsürlərdən təmizləyəcəyik. Nəzarət tamamilə bizdədir”


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi ilə bağlı bəyanat yayıb.Bəyanatda qeyd olunub ki,bu riyakarlıqdan başqa bir şey deyil: 

“Yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır. 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir. Üçtərəfli bəyanatın 6-cı bəndinə istinad edərək,Azərbaycanı müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizinə alternativ yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır. Əgər Ermənistan tərəfi üçtərəfli bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə,bu bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir. Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir”.

Politoloq Tofiq Abbasov  Azərbaycan MN-nin sözügedən bəyanatı ilə bağlı “sherg.az”a danışarkən bildirib ki, rəsmi İrəvanın sülh prosesində dağıdıcı yanaşması çox açıq şəkildə özünü  büruzə verir:

 “Biz Ermənistanı dəfələrlə xəbərdar etmişik ki, Azərbaycan ərzisində erməni silahlı birləşmələri olmamalıdır. Amma görünən odur ki, onlar hələ də ordadır. Əlbəttə, buna bir son qoyulacaq. Hələ dünən  bizim cavan bir əsgərimiz erməni gülləsinə tuş gələrək şəhid oldu. Onun qisasını lazımınca aldıq. Yenə də yeni texnologiyalardan istifadə etməklə ermilərin bloku, zenit raket kompleksi darmadağın edildi. Daha bir neçə mövqeyi vuruldu. Bununla da daha iki yüksəkliyi mənfur düşüməndən təmizlədik”.

Politoloqun fikrincə, ermənilərin ən böyük səhvi rus sülhməramlılarını özlərinə  sipər görmələridir: 

“Belə bir şey olmayacaq. Ərazi Azərbaycan ərazisidir. Biz torpaqlarımızı  işğaldan azad etmişik. Bizim ərazilərimizdə baş verənlərin hamısının nəzarəti bizdədir. Bu oyunlar bitməyincə dayanmaq olmaz. Onlar təxribat törətdikcə başlarından zərbə alacaqlar. 

Necə ki, dünən bu baş verdi. Otuza yaxın zabit və əsgər qurban verdilər. Azərbaycan iyulun axırına qədər Ermənistana  vaxt verib  ki, Qarabağ bölgəsindən öz qeyri-qanuni silahlı birləşmələrini çıxarsın. Belə olmadıqda onlar üçün təhlükələr də artacaq. Erməni azlıqlar Azərbaycan torpaqlarında rahat yaşamaq istəyirlərsə, silahı yaddan çıxarmalıdırlar. Əks halda əzilməyə davam edəcəklər”.

T.Abbasov vurğulayıb ki , heç bir dövlət öz ərazisində  başqa dövlətin hərbi birləşməsi olmasını istəməz:

 “Biz də buna heç vaxt göz yummayacağıq.Torpaqlar, ərazi bizimdir. Ermənilər də orda  dinc yaşamaq istəyirlərsə , silah-sursatı  yerə qoyub bizim qanunlara tabe olmaldırlar. Bizim bayrağımız onsuzda Xankəndində asılacaq. Onlar kosmosa çıxsalar da, biz bunu edəcəyik”. 

Politoloq hazırkı proseslərə Rusiya sülhməramlılarının təsirindən söz açıb:

 “Onlar da söz vermişdilər ki, iyulun axırana kimi erməni silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılacaq. İyul ayı bitdi, bizsə bunun əksini gördük. İndi proses başlayıb. Necə deyərlər siz saydığınızı sayın görün fələk nə sayır. Biz öz ərazimizi razı olsanız da, olmasanız da həmin ünsürlərdən təmizləyəcəyik. Nəzarət tamamilə bizdədir”.