Volkov bayraq məsələsi ilə spekulyasiya  edib:“Təşkil olunmuş təxribatdır” 

Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov Qarabağın erməni icmasının nümayəndələri ilə görüşüb. Görüş zamanı general son baş verənlərlə bağlı sülhməramlı kontingentin mövqeyinə aydınlıq gətirib,görülən işlər barədə məlumat verib. Görüşdə diqqət çəkən məqamlardan biri də müharibədən sonra ilk dəfə Azərbaycan bayrağının masada qoyulması olub. Xatırladaq ki, indiyə qədər sülhməramlılar separatçıların qondarma “bayrağı” ilə poz verirdilər.

Politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Rusiya sülhməramlılarının komondanı bayraq məsələsi ilə bir növ spekulyasiya  edir: 

“Həmin masanın üzərində dörd bayraq var: Rusiya Silahlı Qüvvələri, Rusiya, Ermənistan və Azərbaycanın. Burda rus sülhməramlılarının nümayəndəsi həmin bayraqları qarşısına düzməklə məsələnin nahiyyətini kölgədə saxlamaq istəyir. Beləcə ordakı erməni icması deyilən əhalinin nümayəndələri ilə danışdığı məsələlər qıraqda qalır, bütün diqqət də bayraqlara yönəlir. İndi bizi düşündürən məqam orda Azərbaycan bayrağının deyil, Ermənistan bayrağının masaya qoyulması olmalıdır. Bu, bizim üçün ciddi məsələdir”.  

Poliotoloq düşünür ki, bu ssenari üzərində öncədən yaxşıca işlənilib  mahiyyəti isə belədir: 

“Ermənistan tərəfində  masadakı Azərabaycan bayrağı  erməni icmasının müqəddəratı necə olacaq? – sualı ətrafında, Azərbaycan tərəfində isə  masadakı Ermənistan bayrağı bizim torpağımızda masaya niyə erməni bayrağı qoyulub?- sualı ətarfında spekulyasiya başladılsın. Bu məqsədli şəkildə təşkil olunmuş kiçik təxribatdır”. 

Ə.Oruclunun qənaətincə, burda əsas məqsəd həmin görüşdə nələrin danışıldığını arxa planda saxlamaq olub və görünən odur ki, təşkilatçılar bunu bacarıblar: 

“Çünki erməni, eyni zamanda, Azərabaycan mətbuatında sözügedən görüşlə bağlı məlumat yox dərəcəsindədir”.