“Ermənistan silahlı birləşmələri Xankəndi və ətraf bölgədən çıxarılacaq” - AKTUAL

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı 3 avqustda antiterror əməliyyatı keçirib. “Qisas”əməliyyatı erməni terrorçuların məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsi ilə nəticələnib. “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlik yaranıb.
Analitik Elçin Xalidbəyli ordumuzun həyata keçirdiyi "Qisas"antiterror əməliyyatının ölkəmiz üçün hərbi-siyasi və strateji əhəmiyyətindən “Sherg.az”a danışıb: 

“Azərbaycan ordusunun "Qisas" antiterror əməliyyatı olduqca ciddi hərbi-siyasi və strateji əhəmiyyət daşıyır. Rəsmi Bakı bu əməliyyatı keçirməklə öz geopolitik iradəsini yalnız Ermənistana deyil, həm də Cənubi Qafqaz regionunda maraqları olan supergüclərə diqtə etdi. Rəsmi Bakı hər kəsə mesaj verdi ki, Azərbaycanın milli maraqlarını təmin etmək üçün heç bir radikal addımın atılmasından qətiyyən çəkinmir. Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçı-terrorçuları himayə edən  Kremldə də indi artıq anlayırlar ki, rəsmi Bakı öz hədəflərini kimsənin maraqlarına güzəştə getməyəcək. Ona görə də, Azərbaycanın haqlı tələblərini mütləq yerinə yetirmək lazım gəlir. 

Bununla  Ermənistan rəhbərliyi və erməni separatçıları da əmin oldular ki, Rusiya onları Azərbaycan ordusundan qoruya bilmir. Çünki, Azərbaycan ordusu Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlılara əhəmiyyət vermədən antiterror əməliyyatı keçirir. Və rəsmi Bakının tələbləri yerinə yetirilməsə, antiterror əməliyyatları bərpa oluna bilər”.

 Siyasi şərhçi diqqətə çatdırıb ki, hazırda Ermənistan Azərbaycanın qarşısında təklənmiş olduğunu, erməni separatçılar isə müdafiəsiz qaldıqlarını anlayır:

“Yəni, ermənilər hətta vərdişlərinə və xidmətlərinə uyğun olaraq, müxtəlif təxribatlar törətsələr belə son nəticədə Azərbaycanın diqtə etdiyi şərtləri yerinə yetirməli olacaqlar. Böyük ehtimalla yaxın vaxtlarda Ermənistan silahlı birləşmələri Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılacaq. Buna paralel olaraq da silahlı erməni separatçı-terrorçu dəstələri də tərksilah olunacaq. Araik Arutyunyan və onun terrorçu yaxın ətrafı Azərbaycanın Xankəndi və ətraf bölgəsini həmişəlik tərk etmək məcburiyyətində qalacaq. 

Əks halda, Azərbaycan ordusunun növbəti anti-terror əməliyyatları Araik Arutyunyan və onun terrorçularının həbs edilməsi ilə nəticələnə bilər. Və buna nə rus sülhməramlılar, nə də ermənilərin digər beynəlxalq himayədarları qətiyyən əngəl törədə bilməz. Xankəndi və ətraf bölgə Azərbaycanın daxili məsələsidir. Beynəlxalq hüquqa görə, Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir”.

Analitikin sözlərinə görə,bundan sonra Cənubi Qafqazda geopolitik proseslərin məzmun və keyfiyyəti məhz Azərbaycan tərəfindən müəyyən olunacaq. İndi Azərbaycanın əhəmiyyəti ABŞ, Avropa Birliyi və elə Rusiya üçün də ciddi şəkildə artıb:

“İndi beynəlxalq supergüclər NATO ölkəsi olan Türkiyənin hərbi müttəfiqi Azərbaycan ilə münasibətləri korlamaqda qətiyyən maraqlı deyil.Avropa Birliyinin Azərbaycanın enerji resurslarına olan ehtiyacını da nəzərə aldıqda, zaman və situasiya Ermənistanın əleyhinədir və Ermənistan bunu dəyişmək imkanında deyil”.