Ceyhun Bayramov Türkiyədə... – Qovluğunda nələr var? – AKTUAL ŞƏRH 



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 13-cü Səfirlər konfransında çıxış etmək məqsədilə Ankaraya yola düşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.
Hərbi-siyasi ekspert Həşim Səhrablı XİN başçısının Anakara səfərini “Sherg.az”a şərh edib:

 “Siyasi proseslərə diqqət yetirsək, görərik ki, indi həm Azərbaycan ,həm də Türkiyənin xarici siyasətində öz həllini gözləyən bir sıra ciddi məsələlər var. Azərbaycanın xarici siyasətində Zəngəzur dəhlizi, hələ də Qarabağdan tamamilə çıxarılmayan qanunsuz erməni silahlı birləşmələri,Türkiyənin də xarici siyasətində bir sıra iqtisadi problemlər əsas yerdə durur. C. Bayramovun Türkiyə səfərində də bu məsələlər ətrafında geniş müzakirələr aparılacağı gözləniləndi”. 

Ekspertin sözlərinə görə, görüş zamanı dünyada dəyişən geosiyasi vəziyyətdə Azərbaycan və Türkiyənin ortaq ata biləcəyi addımlar, gələcəkdə iki ölkənin hansı yeni iş birlikləri qura biləcəyi də müzakirə mövzusu ola bilər:

 “Artıq elə bir situasiya yaranıb ki, xarici siyasətdə başqa ölkələrlə əlaqələr quranda xüsusi diqqət etmək lazım gəlir. Məsəl üçün, görürük ki, Qərb ölkələri belə öz aralarında əvvəlki kimi güvənli siyasi xətt yürüdə bilmirlər. Ölkələr öz milli maraqlarını qorumaq üçün ehtiyatlı davranmağa məcbur qalıblar. Belə bir vəziyyətdə biz şanslıyıq ki ,Türkiyə ilə münasibətlərimiz təmiz, şəffaf, güvənilirdir. 

Məlum görüşdə sözsüz ki, hər iki ölkə öz aralarındakı münasibətləri daha da inkişaf etdirmək istiqamətində danışıqlar aparacaq”.