“Buzdux dağı müşahidə mövqeyimizi daha da genişləndirir”

Avqustun 6-da  bölmələrimiz tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində Kəlbəcər rayonunun Murovdağ silsiləsində yerləşən Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu “Sherg.az”a Buzdux dağı və ətrafındakı yüksəkliklərin ölkəmiz üçün strateji əhəmiyyətindən danışıb: 

“Buzdux dağı və onun ətrafındakı yüksəkliklər Azərbaycanın işğaldan azad edilmiş ərazilərin içindədir. Yəni həmin ərazilərin Ermənistanla sərhəd  rayonlara aiddiyatı yoxdur.  

Bu ərazilər daha çox Qarabağın içinə aiddir. Buzdux dağının nəzarətimizə keçməsi  həmin ərazidə müşahidə mövqeyimizi daha da genişləndirir. 

Bizim düşmənin həmin ətrafdakı hərəkətliliyini aydın şəkildə görməyimizə şərait yaradır. Belə olduqda həmin ərazidə erməni silahlı birləşmələri tərəfindən hansısa təxribat həyata keçirilərsə, rahatlıqla onlara adekvat cavab verə bilərik. 

Bundan sonra bizə düşmənin Qarabağın içərisindəki əsas qüvvələrinin  hərəkətini  müşahidə etmək imkanı yaranır”.