Kulturolaqa CAVAB:“Bu statusun yazılmağı və müzakirəsi yersizdir”



Aydınxan Əbilov:“Müharibədə döyüşmək lazım gələndə, hamı azərbaycanlı olmalıdır, kefdə-damağda artıq türklük yada düşür?”
Qulu Məhərrəmli:“Bu statusun nə yazılmağının , nə də müzakirəyə çıxarılmasının mənası, əhəmiyyəti və yeri var”
Kamran Həsənli:“Ata-babamızın adını yaşatmaq üçün atılan bu addım da çox gözəl və sevindiricidir. Məncə, belə emblemlər hətta kiosklarda satılmaldır”
Ayyət Əhməd:“Türkçülüyü dünyaya yaymaq "Azərbaycanlılar da böyük xalqın ana xəttində yer alır" demək niyə bu qədər əndişə doğurmalıdır?!”

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği və beynəlxalq miqyasda tanıdılması məqsədilə 29-31 iyulda keçirilən İkinci Milli Yaylaq Festivalı başa çatsa da, onunla bağlı müzakirə və tənqidlər hələ də davam edir. Belə tənqidlərdən birini kulturoloq Aydınxan Əbilov səsləndirib. O, öz feysbuk hesabında Qədim Göytürk əlifbası ilə yazılan “Türk” simvoluna tənqidi münasibət sərgiləyib:

“Təşkilatçılıqdakı biabırçılıqları türklük hisslərimizlə sığortalamaq istəyənlər...Bəs qeyri-türklər bu ölkənin sahibi deyil? Müharibədə döyüşmək lazım gələndə, hamı azərbaycanlı olmalıdır, kefdə-damağda artıq türklük yada düşür? Bu nə intellektual məntiqdir? İndi birləşdiricilik bizə lazımdır, ayrımçılıq yox.. Bəlkə altaylı, ya da çuvaslı gəlib Qarabağda savaşdı bizimlə, xəbərimiz yox? Bu gözəl məmləkət hamımızındır: türkün, talışın, kürdün, ləzginin, yatın, avarın, rusun...”- deyə, o, qeyd edib.

Lakin kulturoloqun fikirləri heç də birmənalı qarşılanmayıb. Belə həssas və kövrək zaman kəsiyində A.Əbilovun ölkəmizdə yaşayan ayrı-ayrı millətlərin adından yazdığı status ziddiyətli fikirləri də özü ilə bərabərində gətirib. Bu fikrin müəllifinə haqq qazandıranlar olsa da, onunla razılaşmayanlar çoxluq təşkil edib.

Professor, media eksperti Qulu Məhərrəmli məsələyə qısa münasibət bildirib. O, “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu statusun nə yazılmağının , nə də müzakirəyə çıxarılmasının mənası, əhəmiyyəti və yeri var.

Tanınmış jurnalist Kamran Həsənlinin fikrincə, türk yazısı simvolik və sevindiricidir:

“A.Əbilov kultoroloq yox, kinfliktoloqdur. O, istənilən verilişdə, məqamda konflikt yaratmağı xoşlayır. Bu onun bacarağı, istedadıdır və buna görə onu təqdir edirəm. Bilirik ki, Şuşa alındıqdan sonra onun qapısında Azərbaycan və Türkiyə bayraqları yanaşı asılmışdı. Türkiyənin özündə də çox millətlər yaşayır. Bütün dövlətlər belədir. Burada yaşayan bütün millətlər bir-birinə qardaşdırlar. İstər avar, istər tat, istər talış, istər kürd...Onların hər birini Azərbaycan birləşdirir. Lakin bu simvol onu göstərir ki, bizim ata-babamızın iki min əvvəl - digər bir çox xalqın yazısı olmayan vaxtı böyük mədəniyyəti olub. Bizim yazılarımız, böyük imperiyalarımız, dövlətçilik ənənələrimiz olub. Ata-babamızın adını yaşatmaq üçün atılan bu addım da çox gözəl və sevindiricidir. Məncə, belə emblemlər hətta kiosklarda satılmaldır. Divarlarda, maşınlarda, evlərimizdə bu simvolu yaşatmalıyıq.

Ümumiyyətlə, skandinav alimi V.Tomson Orxon-Yenisey əlifbasını aşkar etdikdə elə bilirdilər ki, bu german tayfalarına məxsus yazılardır. Lakin araşdırmalardan sonra məlum oldu ki, bu, bizim ortaq ata-babalarımızın yazısıdır. Ona görə əlifbada “Türk” sözünün yazılması çox simvolikdir. Fateh ata-babalarımızın irsini yaşatmağa xidmət edir. Çox gözəl təşəbbüsdür”.


Jurnalist Ayyət Əhməd diqqətə çatdırıb ki, Aydınxan bəy bu statusu ilə katalizator rolunu oynadı:

“İlin-ayın bu günündə bu nə mövqedir axı? Türk kökənimizi danaq?! Əslində, mübahisəli paylaşım etniklərdə qıcıq yaradır. İndiki kövrək məqamda belə şeylər yazıb, ətrafında müzakirə açmaq heç düzgün deyil. Ziyanlı paylaşımdır! Aydınxan bəy bilməlidir və bilir ki, Azərbaycan məkan adıdır, xalqın adı Türkdür .Türk sözündə sizi nə narahat edir? Məsələn, Fransa deyil, fransız mədəniyyəti və sivilizasiyasına dair xeyli sayda film izləmişəm, yazı oxumuşam. Təbii olaraq Fransada yaşayan milli azlıqlardan da yazırlar. Talış da, ləzgi də, avar da, tat da.... bizimdi, amma bu ölkənin aborigen xalqı türkdür. Türkçülüyü dünyaya yaymaq "Azərbaycanlılar da böyük xalqın ana xəttində yer alır" demək niyə bu qədər əndişə doğurmalıdır?! Aydınxan bəy, niyə narahat olur, qoy, bizi sevməyənlərin canına birə düşsün. Açığı, onun yazdığı mətndən separatçılıq qoxusu gəlir. Kuluturoloqa sözüm budur: Dayansın və müzakirələri dayandırsın, yoxsa bu yol bölücülüyə aparır”.