“Bu, Azərbaycan və Türkiyənin sarsılmaz birliyinin nümayişidir”

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün qardaş ölkəyə səfərə gedib.

Açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə verilən şam yeməyi zamanı isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin fotoları sosial şəbəkələrdə trendə çevrilib. Fotolarda Ərdoğan və Əliyevin əl-ələ, gülərək söhbət etmələri sosial şəbəkələrdə Azərbaycan Ordusunun son antiterror əməliyyatına Türkiyənin tam və birmənalı dəstəyinin görüntüsü və dünyaya mesaj kimi qiymətləndirilib.

Ölkə başçısının qardaş ölkəyə səfərini “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Sherg.az”a dəyərləndirib. 

O, bildirib ki, V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və orada keçirdiyi görüşlər bir sıra yönləri ilə əhəmiyyətli idi:

“Türkiyə Prezidentinin dəvəti ilə reallaşan bu səfər zamanı Prezident İlham Əliyev demək olar ki, Həmrəylik Oyunlarının ən ali qonağı idi. Digər tərəfdən burada Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti və Fələstinin baş naziri ilə görüşlər də xüsusi önəm daşıyır. Bu, İlham Əliyevin Ersin Tatarla ilk görüşü idi. 
Bu görüş istər Türkiyə mediasında, istər Quzey Kıbrısda böyük coşqu ilə qarşılandı. Həmçinin sosial şəbəkələrdə də həm Azərbaycandan, həm də Türk dünyasından olan insanlar bu görüşə Azərbaycanın, onun prezidentinin Quzey Kıbrısa göstərdiyi bu diqqətə, həssasiyyətə görə öz məmnunniyyətlərini, minnətdarlıqlarını ifadə edirdilər.

İndiki həssas məqamda Fələstinin baş naziri ilə görüş də xüsusi anlam daşıyır. 

Son günlər Qəzza bölgəsində gərginlik yaşanır. Azərbaycan İsraillə yüksək münasibətlərə rəğmən hər zaman Fələstin xalqının və dövlətinin haqlarını müdafiə edib”.

Baş yazar onu da əlavə edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin hər biri görüşü həm cəmiyyətlər üçün, həm dünya üçün, həm də media üçün maraq kəsb edir:

“Demək olar ki, bu görüşlərin, bu görüşlərdəki xüsusi isti münasibətlərin diqqət çəkməsi, hadisəyə  çevrilməsi ənənə halını alıb. Budəfəki görüş də bu qəbildən oldu. 

Bu görüş və xüsusi yanaşmalar bir daha Azərbaycan və Türkiyənin sarsılmaz birliyini dünyaya nümayiş etdirdi”.