“Azərbaycanda normal hərbi ekspert yoxdur”

“Tezliklə bu problemin həlli üçün belə bir məktəb formalaşdırmalıyıq”

“Buna görə isə bütün redaktorlar bir araya gəlib səslərini duyurmalıdırlar”



Azərbaycan mediasının “yaralı” yerlərindən biri də  hərbi ekspert çatışmazlığıdır.Ölkəmizdə iqtisadiyyat, hüquq, tibb, kənd təsərrüfatı kimi sahələr üzrə yetərincə ekspert olsa da, hərb sahəsində ciddi şəkildə ekspert qıtlığı yaşanır. Bu səbəbdən hətta bəzən reportyorlar öz suallarına cavab tapmaq üçün digər sahələrin ekpertlərinə üz tuturlar. Onlar da bir növ özlərini məcbur hiss edib məsələyə münasibət bildirirlər.

Təlimlər “Dinc Dünya”Araşdırma Mərkəzinin sədri Alisafa Mehdiyev  ölkəmizdə hərbi ekspert qıtlığını yaradan səbəbləri “Sherg.az”a sadalayıb: 

“İndi  hərbi ekspert kimi Ədalət Verdiyev,Üzeyir Cəfərov bir az da Alparsalan İmamqulu danışdırılır. Əslində kimin ekspertiza etmək haqqı varsa, onlar  ekspert sayılır. Hazırda bütün redaksiyaların müxtəlif sahələrə üzrə özlərinin ekspert bazası yoxdur. Birini ekspert kimi təqdim edəndə diqqət yetirməliyik ki, bu şəxs informasiya verir, yoxsa baş vermiş hadisəyə bizim xahişimizlə şərh verir? Şərhçilərlə ekspertləri qarışdırmaq olmaz. Bizdə yetərincə politologiya şərhçiləri var. Amma ekspert bunun ən yüksək səviyyəsidir. Üzeyir Cəfərov hərbçilərin hüquqlarını müdafiə sahəsində şərh verir. Onun dediyi fikirlər bir vətəndaş fikridir. Ədalət Verdiyev hərbin sahələrini qarışdırır. Hərb həddindən artıq geniş sahədir. Hərbi nizamnamələr üzrə ən azı dörd ekspert olmalıdır. Üzeyir Cəfərov şəxsi heyət üzrə mütəxəssisdir. Bu istiqamətdə ekspertlik edə bilər”.

A.Mehdiyev  vurğulayıb ki , hazırda hər hansısa bir zabiti hərbi ekspert kimi danışdırırıq o da məcbur bizə Ermənistan-Azərbaycan münasibətlərinin bildiyimiz tərəflərindən danışır, məsələni siyasi istiqamətə yönəldir: 

 “Kimisə ekspert adlandıranda son dərəcə ehtiyatlı olmalıyıq. Hazırda ölkəmizdə müxtəlif qoşun növləri üzrə danışa biləcək nə qədər hazırlıqlı zabit var?

Təəssüflər olsun ki, çox az. Redaksiyaların özləri bu sahə ilə bağlı işləyə biləcəyi mütəxəssisləri müəyyən etməlidirlər. Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin nəzdində olan Daxili Qoşunlarda, Mülki Müdafiə Qoşunlarında olan zabitlərin hər biri öz sahəsi üzrə danışmağı bacarmalıdırlar. Reportyorlar da öz növbəsində sualı düzgün şəxsə ünvanlamalıdırlar. Bəzən müxbirlər eksperti məcbur edirlər ki, bilmədiyi sahədən danışsın. Reportyorun özü sual verdiyi sahəni bilməlidir. Mən təqaüddə olan mayoram uzun müddət döyüşmüşəm, buna rəğmən yenə də hərbi ekspert olmaqdan ehtiyat edirəm. Ancaq bu sahədə hansısa  informasiya verə bilərəm. Ekspertlik səviyyəsi tamamilə başqadır”.

Onun sözlərinə görə, özünə hərbi ekspert deyən mütəxəssis Sun Dzının 2500 il bundan öncə yazdığı "Savaş sənəti"ni oxumalı, intibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavellinin əsərlərindən xəbərdar olmalıdır:

 “Bu zaman onlar nəyi, necə danışmalı olduqlarını biləcəklər. Hərbi ekspertlər hərbin bütün  texnologiyalarından xəbərdar olmalıdırlar. Hazırda bizdə belə mütəxəssilər yoxdur . Çünki hərbidən təqaüdə çıxan, danışmağı bacaran zabitlərin hamısı küskündür. Onlar bu sahədən başlarını götürüb qaçıblar. Heç bir halda da hərbi ekspertlik etmək, bildiklərini danışmaq istəmirlər. Bütün məsələ budur. Hazırda Azərbaycan hərb sistemində azad düşüncə imkanı həddən artıq azdır. Bu onların illərlə hərbi rejimdə yaşamaları və hərbi rejimin onların xarakterinə yansıması ilə bağlıdır. Müdafiə Nazirliyi özü çox istəyər ki, hərb sahəsində yaxşı ekspertlər olsun. Amma təqaüdə çıxanları tapıb, ekspert kimi yetişdirmək də çətindir. Xidmətdə olanlar isə gördüyümüz kimi çox quru şəkildə ona təlqin edilən fikirləri çatdırır. Bizdə vəziyyət bu cürdür”. 

Müsahibimiz hərbi ekspert sahəsində dünya təcrübəsinə diqqət çəkib:

 “Türkiyə və Rusiyayanın hərbi ekspertlərinə baxsaq, görərik ki,orda birbaşa generallar, polkovniklər yüksək səviyyədə hərbi ekspertlik edirlər. Bizdə isə normal hərbi ekspert yoxdur.Tezliklə bu problemin həlli üçün belə bir məktəb formalaşdırmalıyıq. Buna görə isə bütün redaktorlar bir araya gəlib səslərini duyurmalıdırlar”.