“Dövlət sirrini qorumayan hərbçilərə cinayət işi də qaldırıla bilər’’ 

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Adları qeyd olunan hərbi qulluqçular MN rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.Nazirlikdən bildirilib  ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.

Məsələni ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a şərh edib:

 “Smarfonların, məlumat yayan vasitələrin istifadəsi ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Buna baxmayaraq hazırda biz yenə belə hallarla qarşılaşırıq. Hərbi qulluqçular smartfonlardan istifadə etməyin qadağan olunduğunu bilirlər. İndi bizim cəmiyyətdə hərkəsin bundan xəbərdardır. Nəinki hərbçilər, hərbi şəhərcikdə olan digər şəxslər də hərbi hissəyə daxil olduğu zaman smatfonlardan istifadə etməməlidirlər. Nəzarət məntəqələrində daim yoxlamalar aparılır. Hərbi hissəyə gələn şəxslər telefonlarını həmin məntəqəyə təhvil verib sonra hərbi şəhərciyə daxil olmalıdır. MN-də əmrlərin çatdırılması tədbiri var. Bu tədbir zamanı müddətdən artıq hərbi xidmətdə  olan hərbçilərə smartfon tipli telefonlardan istifadə etdikdə, ordudan kənarlaşdırılacaqları ilə bağlı məlumat verilir. Yəni vəzifəsindən asılı olmayaraq hərbçilərin hamısı smartfonların xidməti  yerə aparılmaması haqqında məlumatlıdırlar. Hər hansısa bir hərbçi bunu bilərək əmri yerinə yetirmirsə, gizli şəkildə telefondan istifadə edib xidməti yerini xidmətlə bağlı məlumatı yayırsa təbii ki, o ordundan xaric edilməlidir.  Əgər onun telefonundan ötürülən məlumatlar dövlət sirrinin qorunmasını pozan məlumatlardırsa, müvafiq qanun çərçivəsində cinayət işi də qaldırıla bilər’’. 

Ş.Ramaldanov MN-nin cəza mexanizmlərindən söz açıb: 

“Cəza mexanizmləri müxtəlifdir. Cəzaların  daha da ciddiləşdirilməsinə o qədər də ehtiyac yoxdur. Çünki  elə ordudan xaric olunmaq bir hərbçi üçün kifayət qədər ağır cəzadır. Azərbaycan ordusunda nəzarət  mexanizmi olduqca güclüdür. Belə məsələlərə yanaşma da  zamanla təkmilləşdirilir”.