Türkiyə hərbi elitası ABŞ-a yollandı! – Qovluqlarında nələr var? – AKTUAL

Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyətə ABŞ-a səfərə yollanıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində F-16 təyyarələrinin Türkiyə təchizatı və modernləşdirilməsi müzakirə olunacaq. Xatırladaq ki, indəyədək bu məsələ ilə bağlı Türkiyədə üç dəfə toplantı keçirilib. ABŞ nümayəndə heyəti 2021-ci ilin dekabr ayında və bu ilin fevral-mart aylarında F-16 təyyarələri ilə bağlı fikir mübadiləsi aparmaq üçün Türkiyədə olublar.

Türkiyədən ABŞ-a yola düşən nümayəndə heyətinin qovluğundakı məsələləri “Sherg.az”a politoloq Samir Hümbətov şərh edib. Politoloq qeyd edib ki, Türkiyə rəsmilərinin qarşısında bir neçə məsələ var:

“Son dövrlər rəsmi Vaşinqton və rəsmi Ankara arasında artmaqda olan gərginliyin fonunda bu səfərin baş tutması xüsusi önəm daşıyır. Bildiyimiz kimi, bu ölkələr müttəfiq olsalar da, eyni zamanda tərəflər arasında ziddiyyət var. Bayden höküməti Ərdoğan hökümətinin hakimiyyətdə olmasını istəmir. Bu səbəbdən qarşı tərəf bütün gücü ilə Türkiyə daxilində münaqişə yaratmağa çalışır. Ümumiyyətlə, ABŞ və Türkiyə arasında dövlət olaraq bəzi məsələlərdə fikir ayrılıqları mövcuddur. Düşünürəm ki, bu soyuqluğun aradan qaldırılması üçün dialoqların davam etdirilməsi önəmlidir. Təqribən bir ay yarım öncə Madriddə baş tutan NATO sammitində Türkiyənin Finlandiya və İsveçin quruma üzvlük məsələsinə razılıq verməsi müqavilində, Bayden administrasiyası bəyan etdi ki, ABŞ F-16 təyyarələrinin Türkiyəyə satışına imkan yaradacaq. Lakin görünür, Bayden sözünün üstündə dura bilmədi. Bu satış hələ ki həyata keçirilməyib”.

Politoloq onu da əlavə edib ki, Türkiyənin Rusiyadan S-400 sistemini alması tərəflər arasında gərginliyi artmasına səbəb olub:

“Həmçinin Türkiyənin Şimali Suriyada və Şimali İraqda antiterror əməliyyatları həyata keçirməsi də ABŞ-ın maraqlarına xidmət etmir. 

Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin bitərəf qalması, ABŞ-ın Rusiyaya qarşı təklif etdiyi sanksiyalara qoşulmaması rəsmi Vaşinqton və rəsmi Ankara arasında gərginlik ocağı hesab edilir. 

FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin hələ də Türkiyəyə verilməməsi də gərginliyi alovlandırır. Bu cür hallar çoxdur və bunların həll yolunu tapması vacibdir. Amma ən önəmlisi F-16 təyyarələrinin satışının həyata keçirilməsidir. 

Artıq Türkiyə höküməti rəsmi Vaşinqtona F-35 təyyarələri ilə bağlı 2 milyard dollar ödəyib. Türkiyənin F-35 təyyarələrini proqramdan çıxardıqdan sonra F-16 təyyarələrinin satışı məsələsi gündəmə gələcək”.