“Beynəlxaq təşkilatlar Ermənistandakı proseslərə reaksiya versin”

Rauf Zeyni: “Nə üçün susurlar ?  “Human Rights Watch”, “Freedom House” hardadır ?!”

“Ermənistanın prokurorluq orqanlarına müraciət etsinlər ki, vətəndaşların azad seçiminə müdaxilə etməsinlər. Bax, ikili standart buna deyilir”


Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən və Ermənistan Baş prokururluğu tərəfindən təqibə məruz qalan şəxslərlə bağlı Azərbaycanda fəaliyyət göstərən QHT-lər beynəxalq hüquq müdafiə təşkilatlarına müraciət edib.
Müraciətdə deyilir:

Biz Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan vətəndaşlığı almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı Ermənistan Respublikasının Baş Prokururluğu tərəfindən cinayət işi açılıb.

 Əfsuslar olsun ki, bu kimi addımlarla Ermənistan rəhbərliyi Azərbaycan vətəndaşı kimi qanuni əsaslarla Xankəndində, eləcə də qonşu şəhər və kəndlərdə yaşamaq istəyən Ermənistan vətəndaşlarını qorxutmaq niyyəti güdürlər. 

Eyni zamanda rəsmi Yerevan Qarabağda yaşayan əhali arasında Azərbaycanla və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bəyan edən vətəndaşları “təxribatçı fəaliyyətlər” zəmnində günahlandırırlar.

Bu faktlarla Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyi sözügedən şəxslərə qarşı öz qanunsuz hərəkətləri ilə BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında paktda və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının və digər əlaqədar beynəlxalq hüquq və normalarını kobud şəkildə pozur. Belə ki, beynəlxalq insan hüquqları normalarına əsasən, hər bir kəsin azadlıq və toxunulmazlıq hüququ, hər hansı bir milli, irqi, dini, etnik və sosial mənşəyinə görə diskriminasiyaya məruz qalmamaq hüququ, hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz və buna görə təqib edilə bilməz. Eyni zamanda bu konvensiyalara əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan vədövlət sərhədlərindən asılı olmayaraq, məlumat yaymaq azadlığı daxildir.

 

Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər adından Sizə müraciət edir, Azərbaycanın regionda sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinə qarşı müvafiq tədbirlər görməyi tələb edirik.

QHT-lərin ünvanladığı müraciətə münasibət bildirən Azərbaycan Milli QHT Forumunun sədri, hüquq müdafiəçisi Rauf Zeyni  “Sherg.az”a bildirib ki,  baş verənlər Ermənistanın əsl üzünü göstərir:

“Pandemiyadan öncəki dövrlərdə beynəlxalq konfranslarında erməni QHT-ləri ilə ünsiyyətdə olan zaman deyirdim ki, siz nə ilə qürur duyursunuz ? Siz öz yaşadığınız torpaqlara od vurub yandırırsınız, ekoloji terror törədirsiniz.  Bununla özünüz deyirsiniz ki, biz bu torpağın sahibi deyilik.

 Müzakirə zaman anlayırdım ki, onların ciddi psixoloji problemi var. Kim olduqlarını, nə etdikləri bilmirlər. Terrordan başqa düşüncələri yoxdur. İndi də Ermənistanın baş prokurorluğu bizə müraciət edən vətəndaşlara təzyiq göstərməyə başlayıb.

 Bu onların əsl simasıdır. Bütün bəşəriyyət görməlidir ki, onlar öz vətəndaşlarının azadlığına müdaxilə edirlər. Bu səbəbdən biz QHT-lər olaraq, təzyiqlərə son qoyulması üçün bəyanat hazırlamışıq.

 Düşünürəm ki, beynəlxaq təşkilatların gözləri görürsə, qulaqları eşidirsə,  yazdıqlarımızı oxuyub, səsimizi eşidirlər. Onlar da reaksiya versinlər, münasibət bildirsinlər. Nə üçün susurlar ?  “Human Rights Watch”, “Freedom House” hardadır ? Ermənistanın prokurorluq orqanlarına müraciət etsinlər ki, vətəndaşların azad seçiminə müdaxilə etməsinlər. Bax, ikili standart buna deyilir”.